Bu gün biz uşaqların hüquqlarının açıq şəkildə pozulmasının şahidi olduq. Mətbuatda evdən qaçmış və zorakılığa məruz qalmış qızlar haqqında məlumat yayıldı. Onların ləyaqətini və təhlükəsizliyini qorumaq əvəzinə, jurnalistlər zərərçəkmişlərin, ailələrinin və hətta şübhəli şəxsin şəxsi məlumatlarını açıqladılar. Uşaqların üz görüntüləri yayımlandı, ünvanlar və hadisənin digər təfərrüatları ictimailəşdirildi ki, bu da uşağın hüquqlarının qorunması prinsiplərinə tamamilə ziddir. Bu haqda tək mən deyil, həmdə uşaqlarla sığınacaqda çalışan həmkarlarım Kamalya Aqazade və Mehriban Zeynalova mənimlə bərabər mütəmadi bu məsələni vurğulasalarda, yenə də faktlar təkrarlanır.


Biz bir daha xatırladırıq:


Zorakılığa məruz qalan uşaqların müdafiəyə və dəstəyə ehtiyacı var, onların həyatı ictimaiyyət qarşısında ifşa edilməməlidir.


Onların şəkillərinin, şəxsi məlumatlarının və hadisə detallarının yayılması onların ikinci dəfə travmatizasiyasına səbəb olur və şəxsi həyat hüququnun kobud şəkildə pozulması deməkdir.


Belə addımlar təkcə peşə etikası pozuntusu deyil, həm də qanun pozuntusudur.


Biz çağırış edirik:

Uşaqların hüquqlarını pozan media və jurnalistlərə qarşı qanunvericiliyin sərtləşdirilməsini təmin etməyə.

Cəmiyyətə və ailələrə — hər bir uşağın hekayəsinə hörmətlə yanaşmağa və şəxsi məlumatların paylaşılmamasına diqqət yetirməyə.


Əsas məsələ, uşaqların reabilitasiyası, rifahlarının bərpası və zorakılığı törədənlərin məsuliyyətə cəlb edilməsi olmalıdır.


Unutmamalıyıq ki, bütün bu ağır təcrübələrdən sonra uşaqlar ailələrinə, evlərinə, yaşadıqları cəmiyyətə qayıdacaqlar. Onların gələcək həyatı bizim bu gün onlara necə yanaşmağımızdan asılıdır.