Sosial mediadan gələn görünməz təhlükə: Challenge-lər ölümlə nəticələnə bilər.
Sosial media, qloballaşan dünyanın ən güclü vasitələrindən biri olmaqla yanaşı, insanlara ünsiyyət qurmaq, məlumat əldə etmək və gündəlik həyatlarını paylaşmaq imkanı yaradan virtual bir məkana çevrilmişdir. Zaman keçdikcə bu platformalar yalnız bir ünsiyyət vasitəsi olmaqla kifayətlənməyərək, eyni zamanda fərdlərin özlərini ifadə etməsinə, müxtəlif cəmiyyətlərə qoşulmasına və fərqli sosial trendlərlə tanış olmasına şərait yaratmışdır. Xüsusilə Azərbaycanda məktəblərdə olan şagirdlər arasında sürətlə davam edən məşhurlaşmaq istəyi və sosial mediada tanınmaq arzusu bu təhlükənin daha da artmasına səbəb olur. Yeniyetmələr və gənclər sosial platformalarda daha çox diqqət çəkmək üçün riskli davranışlara meyilli ola bilər və bəzən sosial qəbul olunmaq üçün təhlükəli challenge-lərə qoşulurlar. Bu isə onların psixoloji və fiziki sağlamlığına ciddi təhlükə yaradır. Son illərdə populyarlaşan və sosial mediada sürətlə yayılan “challenge” (çağırış) adlanan trendlər, bəzən iştirakçılar üçün son dərəcə təhlükəli nəticələr doğura bilir, çünki onların bəziləri ciddi sağlamlıq problemlərinə səbəb olmaqla yanaşı, hətta bəzi hallarda insan həyatına son qoyacaq qədər təhlükəli ola bilər.