Azərbaycan Gözdən Əlillər Cəmiyyəti "İnternat və internat tipli müəssisələrdə tərbiyə olunan xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş" layihəsini həyata keçirir. Layihə Uşaq Hüquqları Konvensiyasının icrası və ölkədə uşaqların vəziyyətinə dair alternativ QHT hesabatının hazırlanması məqsədi daşıyır. Bu aydan reallaşdırılmağa başlanan proqram "Əlillərin əməkdaşlığı uğrunda" cəmiyyət, Azərbaycan Diabet Liqası, Hemofiliyalı Xəstələr Assosiasiyası ilə birlikdə 2 ay müddətinə icra ediləcək. Qeyd edək ki, layihə World Vision beynəlxalq təşkilatı tərəfindən maliyyələşdirilir.
Proqram çərçivəsində sağlamlığı məhdud uşaqların təhsil müəssisələrində tədrisinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi əyani vəsaitlərin, həmin balacaların səhiyyə və digər sosial xidmətlərdən istifadə edə bilməmələrinin səbəblərinin araşdırılması nəzərdə tutulur. Bundan başqa fiziki məhdudiyyətli uşaqların haqlarına dair beynəlxalq prinsiplərin yerli qanunvericilikdə əksi üzrə müqayisəli tədqiqatlar, internat və internat tipli müəssisələrin, beynəlxalq humanitar təşkilatların nümayəndələrinin iştirakı ilə bu məsələlərə dair tədbirlər keçirilməsi də planlaşdırılır.