Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Gənclər Fondunun maliyyə dəstəyilə regionlarda gənc liderlər üçün liderlik və inkişafa dair beynəlxalq təlim kursu həyata keçirir. Layihənin gerçəkləşdirilməsində əsas məqsəd regionlarda siyasi cəhətdən fəal gənclər arasında siyasi məlumatlılığın inkişafı və siyasi təsisatların təkmilləşdirilməsi, müxtəlif ölkələrdən olan gənclərin siyasi əməkdaşlıq platforması ilə təmin edilməsidir.


Paytaxtda və regionlarda gənc liderlərin yetişməsi üçün nəzərdə tutulan proqrama bu sahədə fəal QHT, icma, bələdiyyə, siyasi partiya üzvlərinin, siyasi ekspertlərinin və bir sıra Avropa ölkələrindən təlimçi qismində dəvət olunacaq. Kurslar Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiya gəncləri üçün təşkil ediləcək, Fransa və Almaniyadan olan gənclərin və təcrübəli şəxslərin iştirakı ilə gerçəkləşdiriləcək.


"Ümidli Gələcək" öz tərəfdaşları ilə birgə beynəlxalq və milli peşəkar təlimçi və mühazirəçilərin fəaliyyətə cəlb edilməsinə çalışır. Həmçinin qurum Azərbaycanda ilk dəfə siyasi fəaliyyət sahəsində təlim kursları, tədris proqramları, müxtəlif regionlardan olan gənclərin əməkdaşlığının və liderliyinin inkişafı platformaları vasitəsilə Virtual Məktəb yaratmaq niyyətindədir. Layihə çərçivəsində bu sahədə gənc liderlərin və təlimçilərin birliyinin yaradılması, bacarıqlar, praktik cəhətdən informasiyalar aşılanması nəzərdə tutulur.