A.ƏHMƏDOVA
Maddi-sosial durum anaların və uşaqların həyatına mənfi təsir göstərir.
"Qadın və uşaq harada yaşamasından asılı olmayaraq keyfiyyətli və lazımi tibbi xidmət almalıdır. Sirr deyil ki, ailənin sosial-maddi durumu ilk növbədə anaya və uşağa mənfi təsir göstərir. Apardığımız tədqiqatların təhlili göstərir ki, hətta inkişaf etmiş ölkələrdə də yeni doğulanların ölüm halları 75-85 faiz halları erkən neonatal dövrdə, yəni körpənin doğulduğu ilk həftədə olur" deyən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) direktoru Faizə Məmmədovanın sözlərindən məlum oldu ki, 1997-ci ildə hər 3-cü uşağa, 2000-ci ildə isə hər 2-ci yeni doğulmuş körpəyə köməklik göstərilib.
Direktorun sözlərindən məlum oldu ki, ölkə ərazisində yeni doğulmuşların yüksək ölüm göstəricisi müxtəlif problemlərlə bağlıdır. Onun fikrincə, bu problemin yaranmasının əsas səbəbi vaxtından əvvəl doğulan yeni doğulmuşlara qulluq göstərən tibbi personalın ixtisas səviyyəsinin aşağı və praktik vərdişlərinin olmaması ilə bağlıdır. Direktorun sözlərindən məlum oldu ki, ölkəmizdə yeni doğulmuşlara müalicə-diaqnostik yardım göstərə biləcək müasir neonatal avadanlıqlar da mövcud deyil. Qeyd edək ki, ölkəmizdə bir yaşa qədər uşaq ölümünün 40 faizi neonatal dövrdə, yəni yeni doğulmuşun anadan olduğu ilk həftədə olur.
UNICEF-in ekspertləri araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, bunun qarşısını almaq üçün körpələr ana südü ilə qidalanmalıdır və onlara təxirəsalınmaz neonatal yardım edilməlidir. Respublikanın baş pediatrı Nəsib Quliyev deyir ki, ana südü ilə qidalanma uşaqların yaşama şanslarını artırır.
Yeri gəlmişkən qeyd edək ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə "Neonatal xidmətin təşkili və yeni doğulmuşlara təxirəsalınmaz yardımın göstərilməsi" mövzusunda beş günlük elmi-praktiki konfrans başlanıb. Tədbirdə iştirak edənlər bu qənaətdədirlər ki, elmi-praktik konfrans bu sahədəki problemlərin müzakirəsində və həlli yollarının tapılmasında önəmli rola malik olacaq.
Tədbirdə iştirak edən Azərbaycan Tibb Universitetinin neonatologiya kafedrasının assisenti Aytəkin Adilovanın sözlərindən məlum oldu ki, yeni doğulmuşun anadan olduğu ilk həftədə ölümünün əsas səbəbləri qohum və erkən nikahlardır. Natiqin dediyinə görə, hamiləlik dövründə venoz fəsadları, qan dövranı sisteminin xəstəlikləri, anemiya, ətraf mühitin çirklənməsi də buna səbəb ola bilər.
Sözügedən universitetin neonatologiya kafedrasının müdiri Nadir Tağıyev isə ölkəmizdə qadınların doğuşa hazırlığının qənaətbəxş olmadığını dilə gətirdi. O deyir ki, ölkə ərazisində ümumilikdə doğuşların sayının azalmasına baxmayaraq, yenə də ailələrdə çoxuşaqlılıq mövcuddur. Kafedra müdirinin fikrincə, qadınlar öz hamiləliklərini normal başa vura bilsəydilər, onların sayı daha da çox ola bilərdi. Yarımçıq doğulan uşaqların 8 faiz olduğunu vurğulayan N.Tağıyev deyir ki, bu ölkə üçün böyük göstəricidir.
Konfransdakı çıxışlardan o məlum oldu ki, ümumilikdə ölkəmizdə doğuşun səviyyəsinin aşağı düşməsinə baxmayaraq, Rusiya ilə müqayisədə Azərbaycanda uşaq doğuşunda artım tendensiyası müşahidə edilir. Bunu Rusiyalı mütəxəssis Farid Muxametşin də təsdiqlədi. Lakin o əlavə etdi ki, öz ölkəsində doğuşun səviyyəsinin aşağı düşməsi neonatal ölümlə deyil, yeni evlənənlərin daha az və ya heç uşaq istəməmsi ilə əlaqəlidir. Rusiyalı mütəxəssis əlavə etdi ki, Rusiyanın əksər neonatal və perinatal mərkəzləri məhz Ural zavodunun avadanlıqları ilə təchiz edilib.
Onu da qeyd edək ki, ölkəmiz "Azərbaycanda Rusiya ili" çərçivəsində düzənlənən müasir tibbi avadanlıqlar sərgisində nümayiş etdirilən Ural optika-mexanika zavodunun istehsal etdiyi neonatal texniki avadanlığı almağa hazırlaşır. ETMGİ-nin direktoru Faizə Məmmədova bildirdi ki, bu addım Azərbaycanda neonatal xidmətin keyfiyyətini yüksəltməyə imkan verəcək. Bundan başqa, bu yerli mütəxəssislərin rusiyalı ekspertlərlə qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradacaq.