Bununla bağlı keçirilən layihədə dörd qonşu dövlətin nümayəndələri də iştirak edəcək


Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurasının dəstəyi ilə "Hamı bərabərdir - hamı müxtəlifdir" adlı Avropa kampaniyası çərçivəsində MDB ölkələrindən olan kənd rayonlarının gənc liderləri üçün "İnsan hüquqlarına əsaslanmış proqramlaşdırma"ya dair düşərgə təşkil edir. Bu yenilikçi pilot layihə kənd yerlərindəki gənclər təşkilatlarının nümayəndələrinin fəaliyyətinin stimullaşdırılmasını, onların bir-birləri ilə insan və uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində təcrübə mübadiləsi aparmalarını nəzərdə tutur. Habelə layihə çərçivəsində gənclər insan haqlarının qorunmasına dair əlavə bilik və bacarıq əldə edəcəklər.


Təlim kursları Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya və Belarus gəncləri üçün təşkil edilir. Yeri gəlmişkən, "Ümidli gələcək" Gənclər Təşklatı öz tərəf-müqabilləri, beynəlxalq və milli səviyyəli peşəkar təlimçi və mühazirəçilərin cəlb edilməsi ilə, Azərbaycanda ilk dəfə olaraq belə bir düşərgənin keçirilməsi təşəbbüsünü göstərir. Təşkilatın mətbuat xidmətindən bildirdilər ki, layihənin əsas məqsədi ölkənin bölgələrində fəal gənc insanlar arasında hüquqi məlumatlılığın inkişaf etdirilməsi və hüquqi işin təkmilləşdirilməsidir. Bununla yanaşı, gənc liderlərin və təlimçilərin birliyini yaratmaq, QHT-lərin nümayəndələrinə lazımi bilik, bacarıq, ideya və məlumatlar, praktik cəhətdən faydalı informasiyalar vermək, onların bacarıqlarını, təcrübə və bilik mübadiləsini inkişaf etdirmək nəzərdə tutulub.


Layihənin məqsədindən göründüyü kimi, iştirakçılar ölkənin rayonlarında fəaliyyət göstərən QHT-lərin, icma əsaslı təşkilatların üzvləri, ali məktəb tələbələri, hüquq müdafiəçiliyi ilə maraqlanan gənclər olacaqlar. İştirakçıların 50 faizini qadınlar təşkil edəcək. İştirakçıların seçilməsi milli və beynəlxalq təlimçilərin cəlb edilməsi yolu ilə ayrıca olaraq şəhər və kəndlər üçün hazırlanmış seçim meyarları, sorğu anketləri və müsahibə əsasında həyata keçiriləcək