Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurasının dəstəyilə "Hamı bərabərdir - hamı müxtəlifdir" adlı Avropa Kampaniyası çərçivəsində MDB ölkələrindən olan kənd rayonlarının gənc liderləri üçün insan hüquqlarına əsaslanan proqramlaşdırmaya dair düşərgə təşkil edir. Bu yenilikçi pilot layihə kənd yerlərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin fəaliyyətinin stimullaşdırılmasını, onların bir-birlərilə insan, uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində təcrübə mübadiləsi aparmalarını, insan haqlarının qorunmasında əlavə bilik, bacarıq əldə etmələrini nəzərdə tutur.


Qurumdan verilən məlumata əsasən, Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya və Belarus gəncləri üçün təşkil edilən təlim kursları təcrübəli şəxslərin iştirakı ilə keçiriləcək.


Layihənin həyata keçirilməsində əsas məqsəd ölkənin regionlarında fəal gənc insanlar arasında hüquqi məlumatlılığın inkişaf etdirilməsi və hüquqi işin təkmilləşdirilməsi, MDB-nin müxtəlif regionlarından olan gənclərin əməkdaşlıq platforması ilə təmin etməkdir. Bu sahədə gənc liderlərin və təlimçilərin birliyini yaratmaq, onlara və QHT-lərin nümayəndələrinə lazımi biliklər, ideya və məlumatlar aşılamaq, praktik cəhətdən faydalı informasiyalar vermək də məqsədlər sırasındadır. İştirakçılar əsasən rayonlarda fəaliyyət göstərən QHT-lərin, icma əsaslı təşkilatların üzvləri, ali məktəb tələbələri, hüquq müdafiəçiliyi ilə maraqlanan gənclər olacaqlar. Onların 50 faizini qadınlar təşkil edəcək. İştirakçıların seçilməsi milli və beynəlxalq təlimçilərin cəlb edilməsi yolu ilə ayrıca olaraq şəhər, kənd regionları üçün hazırlanmış seçim meyarları, sorğu anketləri və müsahibə əsasında həyata keçiriləcək.