Kәbiran Dilavәrli

Şәhriyarın narahatçılığı az sonra 18 yaşının tamam olmasına görәdir. 18 yaşından sonra onu böyüklәrin hәbsxanasına göndәrәcәklәr. Şәhriyarsa bunu istәmir


«Sәhәr durub idmanla mәşğul oluruq, günorta klubda televizora baxırıq, futbol oynayırıq, bura bizimçün yaxşıdır».


17 yaşlı Şәhriyar Hüseynov cәmi 10 gündür ki, azyaşlıların hәbsxanasındadır. Ancaq buradakı uşaqlara vә mühitә tez öyrәşib. Onun cәzası 3 ildir. Ancaq Şәhriyarı tәkcә 3 il dәmir barmaqlıqlar arasında qalması narahat etmir. Bir başqa narahatçılığı isә az sonra 18 yaşının tamam olmasına görәdir. 18 yaşından sonra onu böyüklәrin hәbsxanasına göndәrәcәklәr. Şәhriyarsa bunu istәmir:


«Burada qalmağımı istәyirәm. Burada mәktәb var, dәrs oxuyuram, türmә kimi deyil dә, elә bil mәktәbdir. Orada gedәcәyik, hәm böyüklәrdir, hәm mәktәb yoxdur, bildiklәrimiz dә yadımızdan çıxacaq».


Şәhriyar kimi, yetkinlik yaşına çatmayanların hәbsxanasına düşünәnlәr çoxdur. Onun istәyini isә yerli hüquq-müdafiәçilәri qanun şәklinә salmaq istәyirlәr. Azadlıqdan Mәhrumetmә Yerlәrinin Müşahidәsi adlı qeyri-hökumәt tәşkilatı Әdliyyә Nazirliyinә müraciәt hazırlayır. Tәşkilatın icraçı direktoru Rәvan Sәmәdov deyir ki, azyaşlıların cәzaları sona çatana qәdәr әvvәlki yerlәrindә saxlanmaları çox faydalı olar:


«Bu uşaqlar böyüklәrin yerinә göndәrilmәk vaxtları çatanda, özlәrini sübut etmәk üçün «ad qazanmağa», kriminal vәrdişlәrә yiyәlәnmәyә çalışırlar. İntizam qaydalarını pozurlar ki, daha çox cәrimә kameralarına salınsınlar. Onlarda psixoloji sarsıntılar olur, pessimizm yaranır. Tәklif edirik ki, onlar bütün cәza müddәtlәrini böyüklәrin yerinә getmәdәn әvvәlki yerlәrindә çәksinlәr».


Azyaşlıların cәzaçәkmә müәssisәsinin rәisi İmran Mәmmәdov da bu uşaqların cәzalarının bütöv hissәsinin burda çәkmәlәrinә tәrәfdardır:


«Bunun üçün şәrait olmalıdır, vәsait ayrılmalıdır. Әlbәttә, burda qalsalar, daha mәqsәdәuyğundur. Ancaq bu mәsәlәni hәrtәrәfli öyrәnmәk lazımdır».


Әdliyyә Nazirliyi Mәhkәmә Qәrarlarının İcrası Baş İdarәsinin şöbә rәisi Rafiq Ramazanov da azyaşlı mәhkumların böyük mәhbusların yerinә getmәmәsi tәklifinin әleyhinә deyil. Ancaq bunun üçün qanunvericiliyә dәyişiklik edilmәlidir:


«Psixoloji baxımdan bu çox faydalı olardı. Belә olsa, uşaqlar gedib o peşәkar cinayәtkarlarla ünsiyyәtdә olmayacaqlar. Çünki böyüklәr üçün olan koloniyalarda bir dәfә mәhkum olunan da saxlanılır, bir neçә dәfә mәhkum olunan da. Ancaq gәrәk qanunvericilikdә tәkmillәşmә, dәyişiklik ola. Bugünkü qanunvericilik buna yol vermir. Qanunvericilik bazasında dәyişiklik olarsa, biz icraçıyıq».


Rafiq Ramazanov deyir ki, Azәrbaycan qanunvericiliyindә yetkinlik yaşına çatmayan şәxslәrin 20 yaşına qәdәr azyaşlılarla bir yerdә saxlanmasına imkan var. Bu, cәzaçәkmә yerinin vәsatәti әsasında mәhkәmә qәrarı ilә mümkün olur. Ancaq bir azyaşlının cәzası 7-8 il olursa vә cәzası 25 yaşında bitirsә, mәhkәmәlәr vәsatәtlәri qәbul etmirlәr. Hüquq müdafiәçilәri deyirlәr ki, qanunvericilikdә dәyişiklik olsa, bu problem birdәfәlik yoluna qoyula bilәr. Ona görә dә yaxın günlәrdә layihәni parlamentin qanunvericilik şöbәsinә göndәrmәyә hazırlaşırlar.