Beynəlxalq Mətbuat Mərkəzi
Son illər ərzində Azərbaycanda, cəmiyyətin, yerli QHT-lər, beynəlxalq təşkilatlar və müvafiq dövlət qurumları tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların, o cümlədən, sağlamlığıı məhdud olan uşaqlar, küçə uşaqları, fiziki və s. zorakılığa məruz qalmış uşaqların problemlərinə və onların həllinə diqqət artıb. Artıq Azərbaycanın müxtəlif bölgələrində müxtəlif yerli və beynəlxalq təşkilatların birgə əməkdaşlığı və səyi nəticəsində bir çox icma əsaslı reabilitasiya və dayaq mərkəzləri yaradılıb. Onların müxtəlif təşkilatlar tərəfindən yaradılması, ölkənin müxtəlif bölgələrində yerləşməsi və bir-biri arasında sıx əlaqələrinin olmaması, müvafiq dövlət qurumları ilə əməkdaşlığın zəif olması, bu vacib sahədə çalışan qurumlar arasında əməkdaşlığın və onun nəticəsində təcrübə, məlumat və bacarıqların mübadiləsinə məhdudiyyət yaradır və mövcud problemlərin həllinə maneə törədir.
Bununla yanaşı, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri qalmaqdadır və hökümətin, cəmiyyətin və beynəlxalq təşkilatların diqqəti Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə integrasiyasına, bu uşaqlarla işləyən icma əsaslı mərkəzlərin fəaliyyətinə və uşaqların inklüziv təhsil proqramlarına cəlb edilməsinə yönəlməlidir.
Məhz xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət göstərən QHT və mərkəzlər arasında təcrübə, bilik, bacarıq və məlumat mübadiləsini təşkil etmək, həmin qurumların bu kateqoriyadan olan uşaqların reabilitasiyası, cəmiyyətə inteqrasiyası, bu uşaqların hüquqlarının təmin edilməsi və onların dolğun həyat sürmələri üçün həyata keçirdikləri tədbirlər barəsində geniş ictimaiyyəti məlumatlandırmaq və bu mərkəzlərin fəaliyyətinin dəstəklənməsinə dövlətin diqqətini artırmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Save The Children Təşkilatı, UNİCEF və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı May ayı ərzində dəyirmi masa, televiziya verilişi və bir sıra görüşlər keçirməyi nəzərdə tutub və yekun olaraq 25 may 2006-cı ildə Bakı şəhəri Muzey Mərkəzində «Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Problemlərinə» dair 1-ci Milli Konfrans və QHT və icma yönümlü mərkəzlərin sərgisini planlaşdırır. Konfransın nəticəsində hazırlanacaq təklif və tövsiyyələr Prezidentə, Milli Məclisə, Nazirlər Kabinetinə və digər aidiyyatlı qurumlara təqdim ediləcəkdir ki, bir daha məsul qurumların xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların problemlərinə bir daha diqqətlə yanaşılsın və həmişə uşaqla bağlı qərarların qəbul olunmasında bu cür uşaqların hüquq və vəzifələrini o cümlədən sosial durumlarının nəzərə alınsın.