«Gələcəyə Körpü» Gənclər İctimai Birliyinin 26 May – 1 İyun 2006-cı il tarixlərində Bakı şəhəri Zuqulba qəsəbəsində həyata keçirdiyi «Keçmiş Sovetlər Birliyində olan ölkələrin gənclər siyasətini formalaşdıraraq, Avropa gənclər strategiyasının gücləndirilməsi» adlı beynəlxalq gənclər toplantısı uğurla başa çatdı. Altı günlük toplantıya Azərbaycan, Çexiya, Gürcüstan, Litva, Moldova, Russiya, Serbia, Türkiyyə və Ukraynadan olan gənclər təşkilatlarının liderləri qatılmışdır.


Toplantının layihə çərçivəsində qarşısına qoyduğu əsas məqsəd və vəzifə keçmiş Sovetlər Birliyində olan ölkələrin gənclər siyasətini formalaşdıraraq, Avropa gənclər strategiyasını gücləndirmək idi. Tədbir zamanı gənclər siyasətini əks etdirən bir sıra mövzular toplantı iştirakçıları tərəfindən interaktiv üsullardan istifadə olunaraq müzakirə olundu. Toplantıya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər üzrə mütəxəssisi Fərhad Hacıyevdə qatılmışdır. Toplantının nəticəsi olaraq hər bir iştirakçı ölkə ayrı-ayrılıqda gənclər siyasətini öz ölkəsində formalaşdırmaq üçün gənclər siyasətini icra edən hökümət strukturlarına təkliflər paketi hazırladılar. «Gələcəyə Körpü» Gənclər İctimai Birliyinin sədri eyni zamanda həyata keçirilən layihənin əlaqələndiricisi Müşfiq Jəfərovun sözlərinə görə hazırlanmış təkliflər paketi Avropa Şurasının Avropa Gənclər Fonduna hesabat şəklində təqdim olunaraq, orada hər bir iştirakçı ölkənin Avropa Şurasındakı gənclər üzrə hökümət təmsilçisinə təqdim olunacaq.


Toplantının sonunda iştirakçı ölkələrin iştirakı və təşəbbüsü nəticəsində Gənclər Siyasətinin İnkişafı adlı Beynəlxalq Gənclər Şəbəkəsinin yaradılması təklifi irəli sürüldü. Burada Avropa təcrübəsi əsas meyyar tutularaq Şəbəkə yalnız Şərqi Avropa ölkələrini əhatə edəcək və hədəf ərazisində yerləşən ölkələrin gənclər siyasətinin inkişaf etdirilməsinə yönələcək. Şəbəkə üzvlərinin növbəti görüşü cari ilin sentyabr ayına planlaşdırılır. Bu görüşdə şəbəkənin məqsəd və vəzifələri, nizamnaməsi, üzvlük, əməkdaşlıq müqavilələrinin tərtibi, idarəedici baş ofisin yaradılması, eləcə də şəbəkənin necə idarə olunması, daxili strukturu, iş planı, qısa və uzun müddətli strategiyası müəyyən olunacaq.


Layihə çərçivəsində həyata keçirilən Beynəlxalq Gənclər toplantısı Avropa Şurasının Avropa Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilmişdir. Toplantının sonunda hər bir iştirakçı sertifikatlarla təltif edildi.