Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurasının dəstəyilə Hamı Bərabərdir – Hamı Müxtəlifdir adlı Avropa Kampaniyası çərçivəsində MDB ölkələrindən olan kənd rayonlarının gənc liderləri üçün İnsan Hüquqlarına Əsaslanmış Proqramlaşdırmaya dair düşərgə təşkil edir. Bu yenilikçi pilot layihə kənd yerlərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin fəaliyyətlərinin stimullaşdırılmasını, onların bir-biriləri ilə insan və uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində təcrübə mübadiləsi aparmalarını, insan haqlarının qorunmasında əlavə bilik və bacarıq əldə etmələrini nəzərdə tutur. Təlim kursları Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya Federasiyası və Belarus Respublikasının gəncləri üçün təşkil edilir və təcrübəli şəxslərin iştirakı ilə keçiriləcəkdir. Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi öz partnyorları və beynəlxalq və milli səviyyəli peşəkar təlimçi və mühazirəçilərin cəlb edilməsi ilə, Azərbaycanda ilk dəfə olaraq, belə bir düşərgənin keçirilməsi təşəbbüsünü göstərir.


Layihənin məqsədi və vəzifələri:


  • Ölkənin regionlarında fəal gənc insanlar arasında hüquqi məlumatlılığın inkişaf etdirilməsi və hüquqi işin təkmilləşdirilməsi;
  • MDB-nin müxtəlif regionlarından olan gənc şəxslərin əməkdaşlıq platforması ilə təmin edilməsi;
  • Bu sahədə gənc liderlərin və təlimçilərin birliyini yaratmaq, gənc liderlərə və QHT-lərin nümayəndələrinə lazımi biliklər, bacarıqlar, ideyalar və məlumatlar, praktik cəhətdən faydalı informasiyalar vermək, onların bacarıqlarının inkişaf etdirilməsi və hüquq müdafiəçiliyi bacarıqların gücləndirilməsi amacı ilə onlar arasında təcrübə və bilik mübadiləsini inkişaf etdirmək.

Layihənin kənd rayonlarının gənc QHT nümayəndələri üçün keçirilməsi ilk növbədə onunla izah oluna bilər ki, MDB məkanındakı iri şəhərlərlə müqayisədə kənd ray onlarında yaşayan gənc liderlərin təlimlərdə iştirakları nisbətən daha məhduddur, eyni zamanda, onların internetə olan çıxışları da paytaxt və digər iri şəhərlərlə müqayisədə daha çətindir. Bundan əlavə, MDB-nin müxtəlif regionlarını təmsil edən gənclərin bir-biriləri ilə ünsiyyətdə olmaları, təcrübə mübadiləsində bulunmaları onların öz fəaliyyətlərini daha da təkmilləşdirmələrinə, yerlərdə insan haqlarının qorunması sahəsində fəaliyyətlərini gücləndirmələrinə səbəb olacaqdır.