Azərbaycanda uşaqların vəziyyəti araşdırılacaq.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı iyun ayından başlayaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə “Azərbaycanda uşaqların vəziyyəti və BMT-nin Uşaq Hüquqların Konvensiyasının icrasına dair QHT-lərin, uşaqların və vətəndaşların Alternativ Hesabatın” hazırlanması prosesinə start verir.
Bu layihə ilin sonunadək davam edəcək və BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Açıq Cəmiyyət İnstitutu–Yardım Fondu, Uşaqları Xilas (Save the Children) və Dünyaya Baxış (World Vision) təşkilatlarının dəstəyilə həyata keçirilir.
Layihə çərçivəsində QHT Alyansı tərəfindən uşaqların vəziyyətinə dair ümumi hesabat və uşaqlar tərəfindən hazırlanmış hesabatla yanaşı, “Azərbaycanda əlilliyi olan uşaqların vəziyyəti” və “Uşaqların səhiyyə xidmətlərinə çıxışı”, “Təhsilin vəziyyəti” və s. xüsusi sahəvi hesabatlar hazırlanacaqdır. Hesabatların hazırlanması zamanı Bakı şəhəri və Azərbaycanın müxtəlif rayonlarında monitorinqlər, uşaq forumları, ekspert görüşləri, dəyirmi masalar və işçi qrupların iclasları, habelə TV və radio verilişləri təşkil ediləcək, KİV-də məqalələr dərc ediləcəkdir. Bu tədbirlər vasitəsilə müxtəlif kateqoriyalardan olan uşaqların vəziyyəti və hüquqlarının qorunması məsələləri araşdırılacaq və müəyyən edilmiş problemlərin aradan qaldırılmasına dair Azərbaycan hökumətinə təklif və tövsiyələr veriləcəkdir.
Yekun nəticə olaraq, hazırlanmış hesabatlar təklif və tövsiyələrlə birgə Azərbaycan hökumətinə və geniş ictimaiyyətə, habelə ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatlara və BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim ediləcəkdir.