Şirin rənglər” rəsm festivalı    


Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi artıq 11 ilə yaxındır ki, Azərbaycanda uşaq və gənclərin inkişafı, qaçqın və məcburi köçkünlərin, əhalinin zəif təbəqələrindən olan əhalinin, xüsusilə də, uşaq və gənclərin, sosial, mədəni, təhsil və iqtisadi problemlərinin həllində fəal iştirak edir. Təşkilatımız Azərbaycanda uşaq problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, onların həllində bütün qurumların səfərbər olmasına nail olmaq, uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair məlumatı geniş ictimaiyyətə çatdırmaq, habelə bu proseslərdə uşaqların iştirakını təmin etmək məqsədilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıqda oktyabr-noyabr aylarında BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi günü (20 noyabr) və Uşaqlara qarşı kobud rəftara dair 19 noyabr Beynəlxaq Gün ərəfəsində “Milli Uşaq Müdafiəsi Aylığı” keçirməyi planlaşdırır. “Uşaq Hüquqları Aylığı” çərçivəsində bir neçə layihələr həyata keçiriləcək. Həyata keçiriləcək layihələrə “Uşaqları zorakılıqdan qoruyaq” şüarı altında Uşaq Simfonik və Kamera orkestrlәrinin vә Uşaq Xorunun silsilə konsert proqramı, “Şirin rənglәr” tәsviri incәsәnәt festivalı, “Uşaqlar naminә velosiped yürüşü və kütlәvi qaçış”, “Heç bir uşağı nəzәrdən qaçırmayaq” Milli İctimai Mükafatın IV tәqdimetmə mәrasimi aiddir. Aylıq çərçivəsində təşkil ediləcək “Şirin rənglər” rəsm festivalı 22 oktyabr Park Bulvarda keçiriləcək. Rəsm festivalının keçirilməsində əsas məqsəd gәnc nәsil ilә yaşlı nәsil arasında ünsiyyәt qurmaq, bilik, bacarıq vә tәcrübә axınına şәrait yaratmaq, gәnc rәssamların yetişməsinә tәkan vermәk, təsviri sәnәt vasitəsilә cәmiyyətin diqqәtini Azәrbaycan uşaqları və gәnclərini narahat edәn mәsələlәrә yönəltmәkdən ibarətdir. Rəsm festivalında Azərbaycan Respublikası Rəssamlar İttifaqı, Tofiq İsmayılov adına Uşaq-Rəsm Qaleriyası, Rəssamlar İttifaqından olan rəssam müəllim və şagirdlər iştirak edəcək. Festival zamanı cütlük şəklində rəsm əsərləri çəkiləcək. Cütlük şəklində rәsm әsәrlәri üzərində işlәmək hәmçinin gәnc nəslə tanınmış rəssamlardan yeni üslublar, metodlar öyrәnmәyә vә faydalı bacarıqlar vә bilik qazanmağa imkan verәcәkdir. Yaşlı nәsil nümayәndәləri isә uşaq və gənclәrdәn yeni ideyalar əldә etmәyə və onları narahat edən problemlәrә baxışlarını öyrәnmәyә imkan verәcək vә bununla da iki tәrəfli mübadilə prosesini təmin edәcәkdir. Verilmiş mövzular üzrә yaradılacaq rəsm əsərlәri uşaq gәnc və peşakar rəssam tәrəfindәn hәyatda hamımızın rast gəldiyi mәsәlələri necә anlaması, əhaliyə necә çatdırmasına imkan verәcək.