“Uşaqlar üçün maliyyə təhsilinin tədrisi” mövzusunda beynəlxalq təlim
2009-cu ildən etibarən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi “Əflatun” Beynəlxalq Sosial və Maliyyə Təhsili Şəbəkəsinin tam hüquqlu üzvüdür. Baş ofisi Hollandiyada yerləşən bu beynəlxalq təsisatın dünyanın 80-dən artıq ölkəsindən 200-dən artıq qurumu özündə birləşdirir. Həmin təsisatın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən uşaqların inkişafa olan hüququna aid edilən - maliyyə və sosial təhsilin dünya ölkələrində tədrisidir. Bir çox ölkədə isə Təhsil Nazirlikləri tərəfindən orta ümumtəhsil məktəblərində maliyyə və sosial təhsil artıq dərs cədvəlinə də əlavə edilib və uğurla tədris olunur. “Əflatun–sosial və maliyyə təhsili” adlanan bu proqram məktəb yaşlı uşaqlara maliyyə yığımını, maliyyənin idarə olunmasını, maliyyədən səmərəli istifadəni və maliyyənin sosial yönümlü təşəbbüslərə istifadəsilə əlaqədar bilik və bacarıqları aşılayır. Şəxsən Sizin dəstəyinizlə təşkilatımız Milli VMA ilə birgə 2011-ci ildə Bakının 20-dən artıq məktəbində proqramın icrasına başlamışdır. Artıq maliyyə və iqtisadi biliklərə dair 25-dən çox müəllim və valideyn, 300-dən çox şagird üçün təlimlər təşkil edilmiş, və hazırda pilot olaraq xüsusi dərnəklər və məktəb klublarının yaradılması üzərində iş aparılır. Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən proqramın tərkib hissəsi olan səkkiz tədris vəsaitinin dördü artıq Azərbaycan dilinə tərcümə olunub və hazırda redaktə olunmaqdadır. 10-18 Aprel 2012-ci il tarixində “Aqua Park Novxanı”da “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və “Əflatun” Uşaq Sosial və Maliyyə Təhsili şəbəkəsi tərəfindən “Uşaqlar üçün maliyyə təhsilinin tədrisi” mövzusunda Azərbaycan da daxil olmaqla, MDB və Avropa ölkələrinin nümayəndələri üçün Regional Təlimçilərin hazırlanması məqsədi ilə beynəlxalq təlim kursu təşkil ediləcəkdir. Təlimdə iştirak etmək üçün Hollandiyada, Almaniya, Litva, Belarus, Rusiya, Ukrayna, Qazaxıstan, Tacikistan və Qırğızıstandan 25 nümayəndə Azərbaycana təşrif buyuracaq. Bu təlimin sonunda Əflatun Beynəlxalq Təşkilatının Hollandiyalı mütəxəssisləri Bakı şəhərinin seçilmiş 20 məktəbində “İqtisadiyyatın əsasları” və “Həyat bilgisi” fənnləri üzrə tədris aparan 20 müəllim üçün 3 günlük təlim kursu təşkil etmək niyyətindədir.