“Azərbaycanda Uşaq Müdafiə Sisteminin inkişafı perispektivləri” mövzusunda milli konfrans   

 Son dövrlərdə mövcud uşaq müdafiəsi və qayğı sistemində islahatlarla bağlı həm kökumət, həm də yerli və beynəlxalq QHT-lər mühüm işlər və fəaliyyətlər həyata keçirir. 2005-2011-ci illər ərzində Azərbaycan hökuməti və Milli Məclis bir sıra əhəmiyyətli qanun və digər normativ sənədlər qəbul edib. 2010-cu ilin yanvar ayında Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyi yanında Deinstitutlaşma və Uşaq Müdafiəsi İdarəsi yaradıldı. Öz növbəsində, bu, hökumətin uşaq problemlərinin həllində maraqlı olduğunu və uşaqların hüquqlarını müdafiəsinin təkmilləşdirilməsi məqsədilə qanunverici bazanın gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini dərk etdiyinin təzahürüdür. Bütün bunlara baxmayaraq, mövcud uşaq müdafiə sistemi uşaqların hüquqlarının müdafiə olunmasına və onların problemlərinin aradan qaldırılmasına tam şəkildə imkan vermir. Azərbaycanda uşaq müdafiə sisteminin qurulması və gücləndirilməsi sahəsində əsaslı islahatların aparılması xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, müxtəlif dövlət qurumları arasında olan zəif koordinasiya və həmçinin qəbul edilmiş proqramların, qanunların və siyasətlərin icrası üçün kifayət qədər maliyyə vəsaitinin təmin edilməməsi uşaqların müdafiəsini əngəlləyir. Eyni zamanda, mövcud qanunvericilik bazasının beynəlxalq standartlara və müasir dövrün tələblərinə uyğunlaşdırılması prosesi bitməyib və bu istiqamətdə xeyli işlər görülməlidir. Bunları nəzərə alaraq,“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Təsisatı, UNİCEF, Dünyaya Baxış, Avropa Şurası, OAK Fondu ilə birgə “Azərbaycanda Uşaq Müdafiə Sisteminin inkişafı perispektivləri” mövzusunda dövlət, hökumət, beynəlxalq və milli QHT-lərin iştirakı ilə milli konfrans keçirir. Konfransda “Uşaq müdafiəsi sisteminin mövcud vəziyyəti və çətin şəraitdə olan uşaqların müdafiəsi işinin təşkili”, “Dövlət uşaq müəsissələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində uşaqların müdafiəsi ilə bağlı görülmüş işlər”, “Uşaq hüquqlarının pozulması ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin rolu”, “Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət və QHT əməkdaşlığının rolu” və digər ictimaiyyəti maraqlandıran mövzularda müzakirələr aparılacaq. Konfrans Azərbaycanda Uşaq Müdafiə Sisteminin növbəti 5 illik dövrdə inkişafı yolları və istiqamətlərinin müəyyən edilməsinə təkan verəcəkdir. Konfrans 17 may 2012-ci il saat 09:00 tarixində Hyatt Hotels Baku-nun “Quba” zalında keçiriləcək.