Son illərin ən aktual məsələlərindən birinə çevrilən narkomaniya yeniyetmə və gənclər arasında daha sıx yayılmağa başlamışdır. Bu hal həm uşaq və gənclərimizə, həm də onların ailələrinə maddi və mənəvi ziyan vurmaqda davam edir. 

Bu məqaləmizdə də Narkomaniya ilə Mübarizə yolları barədə məlumatlı olacağıq...

Narkotik maddələr nədir?

Narkotik maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrdir. Narkomaniya sözünün mənasına diqqət etsək; yuxu, bihuşluq, cəzbetmə və ağılsızlıq deməkdir.

Bu maddalər bir növ düşüncəyə təsir edir və beyni tənzimləyir. Bu tənzimləmə psixoloji və fizioloji defektlərlə nəticələnə bilir. Bunlara misal olaraq, yaddaş və təfəkkür pozuntusunu, depressiya, diqqət əksikliyi, yuxu pozuntusu, intihar riski, özünə və başqalarına zərər yetirmə hallarını qeyd edə bilərik.

Yeniyetmə və gənclər ilk vaxtlarda düşünürlər ki, narkotik qəbul stressi azaldır, problemləri unutmağa, onlardan uzaqlaşmağa kömək edir. Müəyyən müddətdən sonra isə bu asılılıq onlarda bir problem halına çevrilib digərlərinin üzərinə əlavə olunmuş olur.

Yeniyetmə və gənclər arasında narkotik istifadə hallarını yaradan risk faktorları nələr ola bilər?

Ø Narkotik aludəçiliyi olan problemli ailələr;

Ø Natamam ailənin övladları;

Ø Valideyn-övlad münasibətlərində sevgi əksikliyi;

Ø Ailə tiplərinin müxtəlifliyi (demokratik, avtoritar, laqeyd və s. kimi ailə tipləri)

Ø Sosial bacarıqların zəif olması;

Ø Məktəbdə müvəffəqiyyətin aşağı düşməsi;

Ø Deviant davranış nümayiş etdirən ortamlarda olmaq.

Bəs valideynlər övladlarında bu halın yarandığını necə anlaya bilərlər?

ü Övladları köhnə dost çevrələrini dəyişərlər;

ü Evə gec saatlarda gəlib, bəzən gecə yarısı ani bir zənglə evdən çıxarlar;

ü Yuxu pozuntusu yaşayar, diqqətsiz, inamsız, özünəqapanıq olarlar;

ü Şəxsi gigiyenalarına və geyimlərinə diqqət etməzlər;

ü Gözləri qızarar, göz altları qaralar və şişər, fiziki olaraq da dəyişikliklər yaşayarlar (çəki itirmə kimi);

ü Tez-tez duyğu dəyişimi içində olarlar;

ü Dərslərində davamiyyətsizlik, uğursuzluq və qaçma halları yaranmağa başlayar;

ü Ailələri ilə vaxt keçirməkdən qaçınar, ünsiyyətə daxil olmaq istəməzlər;

ü Çox zaman evdə tək qalmaq istəyərlər və s.

 

Ailə əgər qeyd edilən hallardan şübhələnərək, övladının narkotik maddə qəbul etdiyini anlayıbsa, həmin an yaşadıqları ani həyəcan və stress vəziyyətində yanlış addım atmamaları məsləhətlidir. Şiddətli və aqressiv davranışlar seçərsək, uşaq bu maddə istifadəsini daha da möhkəmləndirərək, onu tək sığınacağı bir şey olaraq görə bilər. Bu hal isə bizi problemin həllinə aparmaz, onu daha da böyüdə bilər.

Yeniyetmə və gənclər ilk başladıqlarında fikirləşirlər ki, bir dəfə istifadə ilə heçnə olmayacaq. Ancaq davamlı olaraq bu davranışa davam edib və düşünürlər ki, istədikləri zaman ondan imtina edib, yaxa qurtara biləcəklər. Ancaq sonrakı mərhələlərdə bu asılılıqdan yaxa qurtara bilməyəcəklərini anlayarlar. Bu vəziyyətin müsbətə doğru dəyişməsi isə valideyn, mütəxəssis, yeniyetmə və gənclərin birgə səyi nəticəsində reallaşa bilər.

Narkotik asılılığı olan şəxslər kənar “damğalanmadan” çəkinib, düzəlməyəcəklərinə inanırlar. Araşdırmalar göstərir ki, narkotik qurbanına çevrilən yeniyetmə və gənclərin 70%-i ondan uzaqlaşıb müayinə və müalicə olunaraq, düzələcəyinə inanır. 30%-i isə bu asılılıqdan uzaqlaşa bilmir, uzaqlaşsa belə düzələcəyinə inanmır.

İlk növbədə isə müalicənin və yenidən sağlam həyata qayıdışın yolu inamdan başlayır. Həm narkotik asılılığı olan şəxs, həm də mütəxəssis işin nəticəsinin effektli olacağına inanmalıdır.

Narkotik asılılığı olan birinin müalicə üsullarından biri isə “Musiqi terapiyadır”. Bu terapiya növü bu hallarda çox müsbət təsirə malikdir. Belə ki, maddə asılılığı olan yeniyetmə və gənclər “heç bir işə yaramıram, sona qədər də belə olacam” deyə bir düşüncədə olurlar. Ancaq musiqi ilə terapiya onlarda “varlığının insanlar tərəfindən də lazımlı olduğu” mesajını verərək, bir növ özgüvəni, insanın həyata motivasiyasını artırır.

Əgər narkomaniya ilə mübarizə aparan biri müəyyən psixiatrik və psixoloji dəstək alaraq, bu asılılığı aradan qaldırmağa nail olubsa, o zaman yenidən narkotik asılısına çevrilməmək üçün bu asılılığa onu təhrik edən səbəbləri aradan qaldırmalı, dost çevrəsini dəyişməlidir. Yenidən narkotik istifadəçisi olan bir mühitdə olarsa, risk faktorunu artırmış olar.

ƏN YAXŞI QORUNMA YOLU İSƏ HEÇ BAŞLAMAMAQDIR!