Covid-19 pandemiyasının başladığı 19 ay ərzində Azərbaycanda risk altında olan uşaqlara və ailələrə yardım edən təşkilatlar yardım çağırışları ilə dolub. 

Təşkilatlardan biri - Uşaq Qaynar Xətti pandemiya başlayandan bəri rekord sayda zəng aldığını bildirir. 2010-cu ildə dövlət və özəl sektorun dəstəyi ilə yaradılan mərkəz uşaqlara kömək etmək üçün qurulub. “Yardımın telefon qədər yaxındır” devizi altında fəaliyyət göstərən mərkəzdə zəngləri cavablandırmaq və lazımi köməyi göstərmək üçün sosial işçilər, psixoloqlar və hüquqşünaslar işləyir.

Uşaq Qaynar Xəttinin direktoru Kəmalə Aşumovanın sözlərinə görə, 2020-ci ildə mərkəzə 6657 (əsasən qadınlardan) zəng daxil olub, 2019-cu ildə bu rəqəm 5061-dir. Qaynar xəttə zəng edənlər arasında yaşı 18-dən aşağı olanların sayı 2020-ci ildə iki dəfə artıb. Bu il isə mərkəzə əsasən uşaqların məktəb, psixoloji və ya hüquqi problemlərilə əlaqəli 2000-dən çox zəng daxil olub.

Aşumova qeyd edir ki, pandemiyadan əvvəl ailələr məişət zorakılığını gizlətməyə çalışırdılar, bu cür halların ailədən kənara çıxmağından çəkinirdilər.

Ancaq pandemiya, xüsusən də sərt karantin rejimi vəziyyəti dəyişdi. Azərbaycan hökuməti virusun yayılmasının qarşısını almaq üçün vətəndaşların hərəkətini bir ildə üç dəfə məhdudlaşdırdı. İnsanlara yalnız tibbi ehtiyaclar üçün çölə çıxmaq, yemək almaq və ya yas mərasimlərində iştirak etmək üçün gündə maksimum üç saatlıq icazə verilirdi.

UNICEF-in 2020-ci il hesabatına görə, beynəlxalq miqyasda uşaqlar Covid-19 pandemiyası səbəbindən çox əziyyət çəkiblər. Hesabatda pandemiya dövründə ailədaxili zorakılığın təxminən 8%-nin uşaqlara yönəldiyi bildirilir.

“May-Noyabr ayları arasında Azərbaycan Uşaq Yardım Xəttinə 900-dən çox zəng daxil olub. 10 zəngdən 1-i uşaqlara qarşı zorakılıqla bağlı psixoloji dəstək istəyib”, hesabatda deyilir.

“Pandemiya, xüsusilə karantin dövrü insanları uzunmüddətli qapanmaya düçar etməklə uşaqların və qadınların artıq buna (zorakılığa) dözümsüzlüyünə gətirib çıxardı. Onlar artıq məcbur qalıb müraciət etməli oldular. Yəni bu qapanma vadar etdi hardasa zorakılığın üzə çıxmasına. Məsələn, bir ayda biz 200-350 arası müraciət qəbul edirdiksə, Covid-19 və karantin dövründə biz artıq 600-700 müraciət qəbul etməyə başladıq”, Aşumova deyir.

O qeyd edir ki, Azərbaycan hələ də məişət zorakılığının aşkarlanmasına və qarşısının alınmasına kömək etdiyi sübut edilmiş beynəlxalq təcrübələri, xüsusən də zorakılıqla bağlı anonim müraciətlərin polis tərəfindən araşdırmasına imkan verən beynəlxalq təcrübələri qəbul etməyib.

Aşumova əlavə edir ki, məişət zorakılığının artması o deməkdir ki, ölkədə bu mövzuda daha çox iş görülməli və insanlara kömək etmək üçün hərtərəfli yanaşma tətbiq edilməlidir.

“Təəssüf ki, bu artım daha dərin işlərin görülməsinə sövq edir, çünki problem, doğrudan da, dərinləşir. İnsanların problemini həll etməyə çalışmaq lazımdır. Burda kompleks yanaşma lazımdır. Çünki bu kompleks yanaşma hər zaman olmadığı üçün hansısa quruma müraciət edirlər, orada isə deyirlər ki, sizin problem bizlik deyil, gedin başqa quruma müraciət edin” -deyə, Aşumova ailədaxili zorakılıq və uşaq istismarının artması ilə yanaşı, uşaqların daha kiçik yaşlarından evdən qaçmağa başladıqlarını da vurğulayır.

Azərbaycanda zorakılıqla üzləşən qadınlar və uşaqlar üçün dövlət tərəfindən idarə olunan sığınacaqlar olmadığına görə, bu, xüsusilə təhlükəli bir tendensiyadır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nümayəndəsinə görə, rəsmi olaraq qeyri-hökumət təşkilatları tərəfindən qeydiyyata alınan 13 sığınacaq var, lakin onların hamısı fəaliyyət göstərmir.

2015-ci ildən etibarən Dövlət Komitəsi məişət zorakılığı problemlərini həll etmək üçün ölkənin hər bölgəsində monitorinq qrupları yaradıb. 2020-ci ildə bu qruplara məişət zorakılığı ilə əlaqədar 179 ərizə və şikayət daxil olub. 2021-ci ilin ilk 5 ayında Komitəyə 98 müraciət daxil olub – bu rəqəm 2020-ci ilin ilk altı ayında da belə olub.

“300-dən çox vətəndaşa həm Komitənin "Facebook" səhifəsi, həm də telefon danışıqları vasitəsilə müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərilib və aidiyyəti müraciətlər müvafiq orqanlara yönəldilib”, Dövlət Komitəsinin nümayəndəsi 2020-ci ildə yerli mediaya verdiyi müsahibədə belə deyib.

Digər bir müsahibədə Dövlət Komitəsi rəsmisi pandemiyanın qadınlara və uşaqlara qarşı zorakılığın artmasına səbəb olduğunu qeyd edib. 

Buna cavab olaraq, Dövlət Komitəsi 2020-ci ildə bir neçə onlayn seminar, görüş və konfrans keçirdiyini bildirib. Məsələn, qurumun ev sahibliyi etdiyi bir görüş pandemiya dövründə ailələrdə yaşanan psixoloji problemlərə və onların həllinə həsr olunub. Komitə uşaq istismarının qarşısının alınmasına yönəlmiş hər hansı bir fəaliyyət də daxil olmaqla, pandemiya dövründə gördüyü işlər haqqında daha ətraflı məlumat almaq istəyən Chai Khananın sorğusuna cavab verməyib.

Dövlət Komitəsi tərəfindən 2020-ci ildə 648 nəfər arasında aparılan sorğuda respondentlərin əksəriyyəti, xüsusən qadınlar (68,2%) pandemiya zamanı zorakılıq qurbanı olduqlarını bildiriblər. Çox az adam - 3,9% - uşaqlara qarşı zorakılığın aktual bir məsələ olduğunu deyib.

Ancaq özəl qurumlar və QHT-lər pandemiya zamanı əks təcrübə yaşayıb.

Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, karantin dövründə birliyə çox zəng gəlməsə də, sonrakı aylarda böyük bir artım müşahidə edib.

“Amma indiki halda gün ərzində 4-5 nəfər sosial problemlə bağlı müraciət edir. ‘Mən kirayədən çıxmışam’, ‘mən işləmirəm’, ‘uşağı qoymaq istəyirəm’, ‘işə girə bilmirəm’, ‘uşaqla tək qalıram’ və s. Həmin dövrdə bizə müraciətlər olundu. Yetkinlik yaşına çatmayanlar vardı - 14, 15, 16 yaşlı uşaqlar, hansı ki, ailə yetərincə diqqət göstərmədiyinə görə özləri polisə müraciət etmişdilər və sığınacağa daxil olmuşdular”.

Zeynalova xatırlayır ki, bir qadın 14 yaşlı qızını bir həftəlik onun rəhbərlik etdiyi sığınacağa qoyub. Ondan sonra bir daha uşağın dalınca gəlməyib.

Psixoloq və sığınacaq rəhbərlərinə görə, valideynlər əsasən uşaqlarının davranışında dəyişikliklər sezərkən kömək üçün onlara müraciət edirlər.

Uşaq Qaynar Xəttinin 2020-ci il üzrə hesabatında oğlundan narahat olan bir kişinin mərkəzə etdiyi müraciət qeyd olunub. 13 yaşlı oğlan ailəsi ilə ünsiyyətə girmirmiş. Ailə bununla əlaqədar Uşaq Qaynar Xətt Xidmətinə kömək üçün müraciət edib. Mərkəzin işçiləri uşaqla danışanda məlum olub ki, böyük qardaşı onu tez-tez qorxudurmuş. Bununla yanaşı, valideynlər arasında olan gərginlik də uşağı əlavə təsirə məruz qoyurmuş.

Psixoloq Vəfa Əkbər razılaşır ki, əksər valideynlər uşaqlarının davranışları ilə əlaqədar kömək istəyirlər.

“Mənə müraciət edən valideynlərin əksəriyyəti uşaqlarının tərbiyəsiz olduqlarından şikayət edirdilər ki, ‘nə qədər tərbiyə versək də, alınmır’. Uşaq evdə ananın üstünə qışqırır, atanı yola verə bilmir. Bu, özünü daha çox yeniyetmələr, qız və oğlanlarda göstərir. Bu baxımdan özünə zərər verən uşaqların beşindən dördü qız olub. Kəsici alətlərlə, diş çöpü ilə belə, bədənlərində iz qoyurdular, cızırdılar. Valideynlər yalnız bunu görəndə başa düşürdü ki, nəsə düz getmir. Mənə son anlarda müraciət edirdilər.”

Vəfa Əkbər sərt karantin zamanı uşaqların aqressiya nümayiş etdirməsinin bir neçə fərqli izahı olduğunu deyir.

“Müşahidəmə görə, uşaqlar həm təhsildən, həm dostları və valideynlərinin diqqətlərindən geri qaldıqları üçün onlarda aqressiya yaranır. O aqressiyanı da ya bir-birilərinə, ya da valideynlərinə geri qaytaranda zorakılıq qaçılmaz olur”.

Kəmalə Aşumova hesab edir ki, pandemiya ilə əlaqədar daha çox ailə, xüsusən də uşaqlar kömək üçün müraciətə davam edəcək. Artmaqda olan bu ehtiyacı nəzərə alaraq, Uşaq Qaynar Xətti ictimaiyyətə müraciətlərini çoxaldıb.

“Plakatlarımızı ictimai nəqliyyatda, metroda və ya rayonlara gedən yollarda yerləşdirmişik. Televiziyada da reklamlarımız gedib, pandemiyanın başladığı vaxt qaynar xətt haqqında məlumatlar, əlaqə nömrələri verilib”, o əlavə edir.

“Əsas mesajımız o idi ki, biz sizin ailənizi dağıtmaq və ya problemlərinizi aləmə car çəkmək fikrində deyilik. Biz sadəcə problemi həll etmək istəyirik”.

#Azərbaycan #Uşaqlar #Şiddət #Covid-19 #



Chai Khana “Covid”lə alovlanan uşaq istismarı