Bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 32-ci ildönümü ərəfəsində tərəfimizdən 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.
Bu məqsədlə bir daha Uşaq və valideynlərə uşaqların hüquqları haqqında məlumatlandırmaqla maarifləndirmək üçün Azərbaycan Uşaq Qaynar Xətti xidmət maraqlı və silsilə məqalələri izləyicilərimizlə paylaşacaq.
Beləliklə, Uşaq Hüquqları Konvensiyanın 3, 7, 18, 27-ci Maddələrinə və Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 11-ci Maddəsinə əsaslanaraq “Hər bir uşağın hərtərəfli inkişaf etmək, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır”.
Psixoloji ədəbiyyatda müəllimlər və tərbiyəçilər tərəfindən çətin tərbiyə olunan uşaq anlayışına tez-tez rast gəlirik. Sosial cəhətdən dəstəyə, inkişafa xüsusi ehtiyac duyan qruplardan biri də çətin uşaqlarla tərbiyə işidir. Çətin uşaq dedikdə, bəziləri bunu konkret uşaqla işləməyin çətinliyi kimi, bəziləri isə tərbiyəçi, müəllim, valideyn və uşağın tərbiyəsi ilə məşğul olan digər şəxslərə çətinlik və problem yaradan uşaq kimi başa düşür. Əslində bu çətinlik fəaliyyətlə bağlıdır, yəni, fəaliyyətin tələbləri ilə insanın potensial imkanları arasında uyğunsuzluğun yaranma halıdır. Bu mənada çətinlik dedikdə, uşağın təbiəti ilə yox, onunla tərbiyəçi arasında münasibət, pedaqoji fəaliyyət başa düşülür. Sosial-pedaqoji ədəbiyyatda çətin uşaqların aqresivliyə, evdən qaçmağa, oğurluğa, spirtli içkilərə və s. meyilli olduqları göstərilir.
Çətin uşaqların bu vəziyyətə düşmə səbəbləri müxtəlifdir. Lakin bu səbəblərin böyük bir qismi ailə tərbiyəsində olan nöqsanlarla bağlıdır.Buna misal kimi ailədə uşağın inkişafı üçün normal şəraitin olmaması, ailədə daim münaqişənin olması, valideynləri tərəfindən uşağın müxtəlif növ zorakılığa məruz qalması, uşaqlarla düzgün münasibətin qurulmamasını göstərmək olar. Bununla yanaşı irsi amillər (psixoloji deformasiyalar, orqanizmin psixofizioloji xüsusiyyətləri və s.), küçənin, internet saytlarının, sosial şəbəkələrin mənfi təsiri də çətin uşaqların yaranma səbəblərindəndir.
Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinə əsasən, valideynlər uşaqları onların rifahı üçün lazım olan qayğı ilə təmin etməlidirlər. Eyni zamanda, bütün dövlət idarələri, özəl idarələrin əsas diqqəti uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir. Məhz buna görə də valideynlər, qəyyumlar, uşağın tərbiyəsi ilə məşğul olan hər bir kəs çalışmalıdır ki, uşaq hər tərəfli qayğı ilə əhatə olunsun. Belə olduqda çətin tərbiyə olunan uşaqlar daha tez aşkarlanacaq və problemin həlli daha sürətlənəcəkdir.
Çətin uşaqları öz xüsusiyyətlərinə görə 2 qrupa ayıra bilərik.
Birinci qrupa daxil olan uşaqlar konfliktə meyilli olur, intizamsızlıq edir, yalan danışır, cəmiyyətin müəyyən etdiyi davranış normalarına zidd hərəkət edir.
İkinci qrup uşaqlar isə risk qrupuna daxil olan şəxslərə qoşulur, az ağır cinayətlər, hüquqpozmalar, inzibati xətalar törədir. Belə olduqda isə onların təlim-tərbiyə prosesi daha da çətinləşir.
Çətin uşaqların müəyyən edilməsi üçün ilk növbədə valideyn müşahidə aparmalıdır. Eyni zamanda tərbiyəçilər, müəllimlər, məktəb psixoloqları da bu halı aşkarlaya bilərlər. Çətin uşaqlarla iş apararkən ilk olaraq çətinliyin səbəbinə xüsusi diqqət yetirilməlidir.
L.D.Stolyarenko "çətin”uşaqları üç qrupa bölür:
1. Təcavüzkar uşaqlar- bütün uşaqlar həyatlarında təcavüzkar hərəkət edirlər. Lakin bu onların yaş və ya rastlaşdıqları sosial şəraitlə bağlı ola bilər. Belə uşaqları təcavüzkar adlandırmaq olmaz. 1-ci qrupa aid olan uşaqlarda təcavüzkarlıq şəraitlə əlaqədar olaraq yaranmır. Bu onların xarakterik əlamətlərinə çevrilir və həmişə də özünü göstərir. Ancaq belə olan halda onları təcavüzkar adlandırmaq olar.
2. Yüksək, idarə olunmayan səviyyəyə çatan emosianallığa malik olan uşaqlar- belə uşaqların hər hərəkəti yüksək həyəcanla qarşılanır. Onlar kədərlənəndə də, sevinəndə də bunu emosional şəkildə biruzə verirlər. Yəni, diqqəti cəlb etməyi sevirlər.
3. Hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlənən, küsəyən, qorxax, həyəcanlı uşaqlar- belə uşaqlar diqqət cəlb etməyi sevmirlər. Utandıqları üçün problemlərini gizlədir və heç kimə demirlər.
Xarici amillərin (ətraf mühit, tərbiyə şəraiti) təsiri ilə psixoloji deformasiyalara uğrayan uşaqlarda pozitiv meyllər, adətlər, vərdişlər formalaşdırılmalı və onlarda şəxsiyyətin mənəvi əsasları möhkəmdirilməli, məktəbin psixoloqu və valideyn birgə iş qurmalı, uşaqdakı çətinlik aradan qaldırmalıdır. Əgər uşaq daxili amillərin (sinir sistemi) təsiri ilə psixi deformasiyaya uğrayıbsa, uşağın davranış və münasibətində müəyyən dəyişikliklər (digərlərinə qarşı aqresiya, kobudluq, psixonevrotik hərəkətlər) olacaqdır. Bu hal vaxtında müəyyən edildikdə və çevik şəkildə müdaxilə olunduqda uşağın gələcək inkişafı üçün daha yaxşı nəticələr əldə olunacaqdır.
Bütün bunlara baxmayaraq, valideynlər, tərbiyəçilər, müəllimlər, psixoloqlar “çətin” uşaqlarla kompleks şəkildə işləməli, xüsusi diqqət və qayğı, təmkinlə yanaşmalı, psixi, zehni və mənəvi inkişafı üçün əlverişli şərait yaratmalı, hər bir uşaqla fərdi şəkidə məşğul olmalı, onların tərbiyə prosesinə xüsusi diqqət yetirməlidir. Eyni zamanda, uşaqla işləyən zaman uğurlu nəticə əldə etmək üçün ailə, məktəb, uşağın təlim-tərbiyəsi ilə məşğul olan digər şəxslər birgə çalışmalıdır.
Unutmayaq ki, 1 uşağı dəyişmək, gələcəyi dəyişmək deməkdir !