Məqaləyə başlamadan öncə nəzərinizə çatdıraq ki, Uşaq Hüquqları Konvesiyasının əsasən uşaqların irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, siyasi əqidəsindən və ya digər əqidələrindən, milli, etnik, yaxud sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğulduğu şəraitdən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermilməməlidir.

Biz gender bərabərliyi məsələsini ailə-məişət çərçivəsində həll etməyi deyil, ilk növbədə ailədə böyüyən uşaqların bu mövzuda maarifləndirilməsini nəzərə almalıyıq. Hələ erkən yaş dövründən bəri valideynlər tərəfindən bəzən özləri belə bilmədən, bəzən isə bilə-bilə qız və oğlan uşaqları arasında yanlış olan fikirlər yaradılır və kəskin cinsiyyət streotipləri qoyulur. Rəng olaraq oğlan uşaqlarının mavi, qızların isə çəhrayı olaraq bildirilir. Hətta geyim alarkən rəng seçimi bu qayda ilə yerinə yetirilir, qız uşaqlarına maşın və digər bu kimi oyuncaqlar yox, əsasən gəlinciklər, oğlan uşaqlarına isə tam əksi alınır. Qızlar oturanda ayaqlarını birləşdirib mədəni şəkildə oturmalı, oğlanlar isə istədikləri kimi əyləşə bilərlər. Bütün bu kiçik gözə dəyməyən cinsiyyət stereotiplərinin məntiqi nədir? Biz hamımız anlamalıyıq ki, uşaqlar arasında cinsi ayrı-seçkilik yoxdur. Bu düşüncəni onlarda bir çox hallarda böyüklər və digər ətraf mühit formalaşdırır. Başa düşmək lazımdır ki, uşaqlar arasında “kişi təbiəti” və ya “bu qız əşyasıdır” deyə bir anlayış yoxdur. Uşaqların bəzi davranışlarını cinsiyyət rollarına görə müəyyənləşdirmək, yaxud da bəzi seçimləri cinsiyyətlə əlaqələndirmək onların həyatı dar bir çərçivədən görməsinə və müəyyən fürsətlərin istifadəsində sərhədlərin yaranmasına səbəb olur.

Gender bərabərliyini uşaqlara başlanğıc olaraq oyunlarla izah etmək mümkündür. Bu əsnada uşaqlarla oyun zamanı kişi rolunda olan bir qadını, yaxud da qadın rolunda bir kişini təsvir etmək balacalar üçün ilk addım hesab edilə bilər. Nəzərə almaq lazımdır ki, elə həmin yaşlarda oğlan uşaqlarına "qız kimi" ifadəsi ayıb və alçaldıcı hiss olaraq ailə tərəfindən ötürülür. Yəqin ki, ağlayan oğlan uşağına "sən kişisən, qız kimi ağlama" deyən valideynlərin sayı cəmiyyətimizdə az deyil. Elə bu kompleksi aşmaq üçün də ən yaxşı vasitə bu cür oyunlarla onlara qadın və kişi olmağın heç bir aşağılıq və yaxud üstünlük ifadə etmədiyini, hər ikisinin də bərabərhüquqlu insan olduqlarını aşılamaq ən uğurlu addımıdır.

Bu məsələdə ən böyük öhdəlik təbii ki, əsas valideynlərin üzərindədir. Çünki uşaqlar bir çox şeyi digər sosial mühitdən başqa atadan və anadan öyrənirlər. Onların tərbiyə məqsədi ilə istifadə etdiyi hər bir metod uşaqlarının beyinlərini kodlaşdırır və formalaşdırır. Beləcə, yəqin burdan da anlamış olarıq ki, oğlan uşaqlarına gender bərabərliyini öyrətmək istəyiriksə, bir az düşünüb özümüzə sual verməliyik: biz hər an öz davranışlarımızla onlara hansı mesajları ötürürük?

Qız uşaqlarının yetişdirilmə tərzinə gəldikdə isə, yenə öz düşüncələrimizi incələməyimiz vacibdir. Təbiidir ki, hər bir valideyn qızının gələcəkdə özünə inamlı, lider xüsusiyyətlərinə sahib, güclü bir qadın olaraq görmək arzundadır. Atalar, analar qızlarının bir kişinin, bir cəmiyyətin qeyri-bərabər dəyərləri, şərtləri altında əzilməsini heç bir zaman qəbul etməz. Əgər valideynlər qız uşaqlarının cəmiyyətdəki yanlış şərtlənmələrini aydın düşüncə ilə görə bilsələr, onları daha güclü və özünəinamlı böyümələri üçün əllərindən gələni etməyə çalışarlar. Amma bəzən təkcə qız uşaqlarını lider kimi böyütmək kifayət eləmir. Burada həm də oğlan uşaqlarını qadınların lider ola biləcəyi fikrinə alışdırmaq lazımdır. Bu prosesdə balansı təmin edə bilmək üçün bütün uşaqlara qarşılıqlı hörmət və anlayış hissi aşılanmalıdır. Yəni bir cəmiyyətdə qadınların əzilməməsinin yolu təkcə onları lider kimi yetişdirməkdən keçmir, həm də o cəmiyyətdəki kişilərin düzgün yetişdirilmiş olmasıdır. Bütün bunlarla bərabər, qız uşaqlarına peşə və ixtisas seçimində düzgün istiqamət vermək şərtdir. Çünki cəmiyyətin əksəriyyəti mövcud olan peşələri belə cinsiyyətinə görə bölür və düşüncələrdə yanlış streotiplər yaradırlar. Məsələn, "Qızlar riyaziyyat və elmi işi bacarmazlar", "qızlar texnikadan düzgün istifadə edə bilməzlər", "yüksək texnologiyalarla işləmək üçün qadın beyni çox zəifdir və tez yorulur" kimi bir çox sahəyə uyğun qəliblər yaradılır. Ümumiyyətlə Bu səbəbdən uşaqlara bu cür birləşmələrin mənasız və cahil təfəkkürün məhsulu olduğunu, bunların boş və mənasızlığını öyrətmək, onları özlərinə və istədikləri sahəni seçib, o sahədə əmək verərək ixtisaslaşa biləcəklərinə inandırmaq hər bir valideyn üçün ən düzgün davranış metodudur. Qız uşaqları cəmiyyətdən belə aşağılayıcı mesajlar qəbul edərək böyüsələr, bu qəlibləşmiş ifadələr onların bütün potensialını, həyatlarını və gələcəklərini məhv edə bilər.

 

Cinsiyyətinə görə deyil, ruhuna görə tərbiyə edin!