Bildiyiniz kimi, Azərbaycan Uşaq Qaynar Xətti yarandığı gündən etibarən Beynəlxalq Uşaq Qaynar Xəttinin Child Helpline International rəsmi üzvüdür.
Oktyabr- Noyabr aylarında Beynəlxalq Uşaq Qaynar Xətti Şəbəkəsi ilə «RADAR Uşaqların Rəhbərlik etdiyi Müdafiə Təlimi» və «Avropada Uşaq Qaynar Xəttlərinin Regional Məsləhətləşməsi» mövzularında təlim və vebinar təşkil olunmuşdur. Təşkil olunan tədbirlərdə Child Helpline İnternational təşkilatına üzv olan bütün təşkilatlar dəvət edilmiş və hər birinə çıxış üçün şərait yaradılmışdır. Tədbirin əsas məqsədi hələ də davam edən COVID-19 Pandemiyası dövründə hər bir ölkədə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidmətlərinin öz ölkələrində təşkil etdikləri fəaliyyət barədə qısa məlumat, xidmətlərin uşaqlara Pandemiyadan öncə və Post-Pandemiya dövründə əlçatanlıq istiqamətləri, qarşılaşdıqları çətinliklər, xidmətin keyfiyyəti və maairifləndirmə üsulları barədə bölüşməkdən ibarət idi. Child Helpline İnternational tərəfindən nümayiş edilən təqdimatla yanaşı qrup işləri olmuş və müxtəlif ölkələrin Uşaq Qaynar Xətt koordinatorları təqdim olunan sualları ətraflı cavablandırmışlar.
Bu tədbirə Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin koordinatoru da qoşularaq, Uşaq Qaynar Xəttinin Post-Pandemiya dövründə Azərbaycanda görülən fəaliyyəti, müraciətlərin təxirə salınmadan cavablandırılması, sosial şəbəkələr vasitəsilə maarifləndirmə, uşaqların sosial-psixoloji reabilitasiyaya cəlb olunması, mobil əlavədə çatlaşma üsulu ilə problemin həlli və s. haqqında geniş məruzə ilə çıxış etmişdir.