BMT-nin Uşaq Hüquqları Konvensiyasını imzalayan hər bir dövlət ilkin hesabatı Konvensiyanı imzaladığı tarixdən iki il ərzində və sonra isə hər beş ildən bir ölkədə bu Konvensiyanın həyata keçirilməsi və uşaqların ölkə daxilində mövcud durumu barədə BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim etməlidir. Bundan sonra isə Komitə həmin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) koalisiyasının bu hesabata alternativ hesabat təqdim etmələrini istəyir. Azərbaycan hökuməti artıq öz ikinci və üçüncü birləşdirilmiş hesabatını BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edib. İndi isə QHT-lər alternativ hesabatın hazırlanması üzərində fəaliyyətə başlamalıdırlar. Bu məqsədlə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 2004-cü ilin noyabr ayından etibarən özündə 55 ictimai təşkilatı birləşdirən QHT koalisiyası yaradılması istiqamətində fəaliyyətə başlayıb.


Dekabr ayının 7-də həmin təşkilatların və digər dövlət və qeyri-hökumət təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların və kütləvi informvsiya vasitələrinin iştirakı ilə koalisiyanın Təsis Konfransı keçirilib. Dekabrın 10-11-də işçi qruplarının nümayəndələri üçün hesabatın hazırlanması qaydalarına dair seminar keçirilib. Bundan sonra isə hesabatın hazırlanması üzrə QHT koalisiyasının işçi qrupu tərəfindən hesabatın əhatə edəcəyi bir sıra yaxın sahələr üzrə mövzular birləşdirilərək, 5 mövzu üzrə sub-qrant müsabiqəsinin elan edilməsi qərarlaşdırılıb. Hazırlanacaq hesabat həm BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etmək üçün, həm də daha da genişləndirilmiş formada ölkə daxilində uşaqlarla və uşaqlar üçün işləyən dövlət, qeyri-hökumət təşkilatları, eləcə də beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələri nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulur. Sub-qrant layihələri müsabiqəsinin mövzuları aşağıdakılardan ibarətdir:

  • Yuvenal Ədliyyə sistemində islahat;
  • Paytaxtda və regionlarda yaşayan uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə uşaqların iştirakının təmin olunduğu forumlarının keçirilməsi;
  • İnternat və internat tipli müəssisələrdə tərbiyə olunan uşaqlar, küçə uşaqları, aztəminatlı ailələrdən olan uşaqlar və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş;- Uşaqlar üçün yararlı səhiyyə sistemi;
  • Uşaq hüquqlarının təbliği və uşaq problemlərinin mediada işıqlandırılması.

Bu mövzular üzrə layihələr fevral ayının 2-nə kimi Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansına təqdim edilməlidir. Fevralın ortalarından isə layihələrin icrasına başlanılacaq. Nəhayət, iyun ayının sonuna kimi QHT hesabatı hazırlanaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edilələcəkdir.