Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurası dəstəyilə 25-30 May 2005-ci il tarixində Gənc Liderlər üçün Siyasi Liderlik və İnkişafa dair Beynəlxalq Təlim Kursu təşkil edir. Azərbaycanın şəhər və kənd regionlarında gənc siyasi liderlərin yetişmələrinə yardım etməni nəzərdə tutan bu yenilikçi pilot layihə siyasi cəhətdən fəal olan QHT, icma, bələdiyyə, siyasi partiya üzvlərinin, Azərbaycandakı xarici ölkə səfirliklərinin siyasi ekspertlərinin və bir sıra Avropa ölkələrindən təlimçi qismində dəvət olunacaq siyasi partiyaların təmsilçilərinin əməkdaşlığı və birgə iştirakı şəraitində həyata keçiriləcək. Təlim kursları Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiya Federasiyasının gəncləri üçün təşkil ediləcək və Avropanın digər ölkələrdən olan gənclərin və təcrübəli şəxslərin iştirakı ilə keçiriləcəkdir.


Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi gələcəkdə öz tərəfdaşları və beynəlxalq və milli peşəkar təlimçi və mütəxəssisləri cəlb edərək Azərbaycanda siyasi fəaliyyət sahəsində təlim kursları, tədris proqramları və müxtəlif regionlardan olan gənclər arasında əməkdaşlığın və liderliyin inkişafı platformasının yaradılması vasitəsilə xüsusi Gənc Siyasi Liderlər Məktəbi və internet əsasında Virtual Məktəb yaratmaq niyyətindədir. Layihənin həyata keçirilməsində məqsəd ölkənin regionlarında siyasi cəhətdən fəal olan gənc insanlar arasında siyasi məlumatlılığın inkişaf etdirilməsi və siyasi təsisatların təkmilləşdirilməsi, eləcə də, Azərbaycanın müxtəlif regionlarından olan gəncləri siyasi əməkdaşlıq platforması ilə təmin etməkdir.


Layihə çərçivəsində həmçinin bu sahədə gənc siyasi liderlərin və təlimçilərin birliyini yaratmaq, gənc siyasi liderlərə və siyasi partiyaların və QHT-lərin nümayəndələrinə lazımi biliklər, bacarıqlar, ideyalar və məlumatlar, praktik cəhətdən faydalı informasiyalar vermək, onların bacarıqlarının inkişaf etdirilməsi və siyasi institutların və siyasi bacarıqların gücləndirilməsi amacı ilə onlar arasında təcrübə və bilik mübadiləsini inkişaf etdirmək nəzərdə tutulur. Qadınların siyasi proseslərə cəlb edilməsi, qadınların siyasi qabiliyyətlərinin gücləndirilməsi və kənd və şəhər regionlarında qadınların siyasi liderliyinin və onların siyasi və ictimai fəal institutularda rolunun gücləndirilməsi də layihənin hədəflərindəndir. Qeyd etmək vacibdir ki, pilot təşəbbüs olaraq, təlim kursunun iştirakçıları və ümumiyyətlə siyasi fəaliyyətdə olan və siyasətlə maraqlanan şəhər və rayon gəncləri arasında məlumat, bilik və bacarıqlar mübadiləsini təşkil etmək və eyni zamanda gənclər arasında şəbəkə yaratmaq məqsədilə layihə çərçivəsində iştirakçıların təşəbbüsü nəticəsində «Youth_In_Politics» və ya «Gənclər Siyasətdə» email qrupu yaradılmışdır. Bu emaile arzu edən hər bir şəxs qoşula bilər. Sadəcə olaraq [email protected] emil poçtuna məktub göndərmək və ya http://groups.yahoo.com/group/youth_in_politics internet saytına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.


25-30 May 2005-ci il tarixində Novxanı qəsəbəsində yerləşən «AkvaPark» istirahət zonasında təşkil ediləcək təlim kursunun bir hissəsi kimi, 27 May 2005-ci il tarixində saat 13:00-dan 16:00-dək Beynəlxalq Mətbuat Mərkəzində «Gənclərin Siyasətdə Rolu» mövzusunda Beynəlxalq Konfrans təşkil ediləcəkdir. Konfransda bir sıra ölkələrdən gənclər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli QHT-lər, siyasi partiyalar, səfirliklər və s. maraqlı qurumların nümayəndələrinin iştirakı gözlənilir.