12 Aprel 2005-ci il tarixində Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xeyriyyə Konserti təşkil edilmişdi. Həmin xeyriyyə konserti Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən həyata keçirilirdi. Konsertin keçirilməsində məqsəd Kar və Eşitmə Qabiliyyəti Zəif Olan Uşaqlar üçün İnternat Məktəbində təhsil alan şagirdlərin təhsil imkanlarını genişləndirmək məqsədilə xüsusi eşitmə qabiliyyətini artıran mini-eşitmə cihazlarının və kompüter avadanlığının alınıb hədiyyə edilməsi üçün lazımi maliyyə vəsaitini əldə etmək idi.


Azərbaycan Dövlət Neft Şirkəti, Atəşgah Sığorta Şirkəti, Blue Water Shipping Şirkəti və Beynəlxalq Qadınlar Klubunun yardımı sahəsində həyata keçiriln bu xeyriyyə konsertindən əldə edilmiş vəsait hesabına Danimarkadan alınmış xüsusi audiometr aparatı, kompüter, rəngli printer, televizor, videomaqnitafon və kompüter üçün mebel 8-ci km qəsəbəsində yerləşən Kar və Eşitmə Qabiliyyəti Zəif Olan Uşaqlar üçün İnternat Məktəbinə təqdim edildi. Təqdimetmə mərasimində QHT-lərin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, nazirliklərin və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edirdilər. Tədbirdə təhsil naziri Misir Mərdanov, Xətai Rayonu İcra Hakimiyyətinin başçısı, Xətai bələdiyyəsinin sədri və digər rəsmi şəxslər çıxış edərək Azərbaycan Valideyn-Müəllim Assosiasiyası və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının bu nəcib təşəbbüsünü alqışladılar.


Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən təşkil olunan və artıq ənənəyə çevrilən bu tədbirlər seriyası ilk dəfə 2004-cü ildə Kor və Zəif Görən Uşaqlar üçün İnternat Məktəbinə Brayl Əlifbası əsasında kitabların çapı üçün İsveçdən xüsusi çap avadanlığının alınıb gətirilməsi ilə başlayıb və onun gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.