Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Alyansın üzvü olan Azərbaycan Diabet Liqası (ADL) 29 iyun 2005-ci il tarixində, saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda şəkərli diabetlə xəstə olan uşaqların və gənclərin problemləri ilə bağlı mətbuat konfransı keçirəcək. Mətbuat konfransının keçirilməsinin səbəbi şəkərli diabetlə xəstə olan insanların və uşaqların valideynlərinin çox saylı şikayət məktubları, şifahı müraciətləridir.


Rəsmi statistikaya görə Azərbaycanda 60 000-ə yaxın şəkərli diabet xəstəliyindən əziyyət çəkən insan var. Onlardan 500 uşaq və yeniyetmə Azərbaycanda Diabet Liqasında Bakıda qeydiyyatdan keçmişlər. Əslində isə bu statistik göstərici həqiqətdən çox aşağı göstərilir. Bu xəstəliyin sürətlə artması o deməkdir ki, çoxlu sayda insanın, eləcə də uşağın həyatı insulin preparatından asılıdır. Həyat keyfiyyətinin yüksəlməsi üçün isə ona özünənəzarət vasitəsi (qanda şəkərin miqdarını müəyyən etmək üçün vasitə), yüksək keyfiyyətli dərmanlar, düzgün təşkil edilmiş müalicə prinsipi, psixoloji reablitasiya lazımdır.


Bütün bu problemlərin həll edilməsi üçün ADL-nın və digər ictimai təşkilatların təşəbbüsü ilə Milli Məclis tərəfindən Şəkərli diabetlə xəstə olan şəxslərə Dövlət qayğısı haqqında Azərbaycan Respublikasının qanunu 2003-cü il, 23 dekabr tarixində qəbul edildi. 2004-cü il, fevralın 12-də isə bu qanunun icrası haqqında prezident fərmanı imzalandı. Fərmanda şəkərli diabet üzrə dövlət proqramının hazırlanmasına və tətbiq edilməsinə 3 ay müddət verməsinə baxmayaraq yalnız 2005-ci ilin iyun ayının 7-də Nazirlər Kabineti tərəfindən bu proqramın tətbiq edilməsi haqqında 101 saylı qərar verildi. Bununla da, görüləcək işlər yenə bir il geriyə atıldı. Dövlət proqramı üçün maliyyənin ayrılması isə 2006-cı il üçün nəzərdə tutulub. Deməli, ağır vəziyyətdə olan insanlar böyük ümidlərlə 2006-cı ili gözləməlidirlər. Lakin xəstəlik məmurların qərarlarını və planlarını gözləmir. Hər itirilmiş an insan həyatının müddətini azaldır.


Bütün bu kimi problemlərin araşdırılması və ictimaiyyətin məlumatlandırılması üçün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Azərbaycan Diabet Liqasının mütəxəssisləri və media mənsubları ilə bir araya gəlmək qərarını verib.