Ekspert cəmiyyətin uşaq əməyinin gizlədilən ən pis formaları haqqında tam təsəvvürü olmadığını söyləyir.


A.Əhmədova


Əmək Məcəlləsi yaşı 15-dən az olan şəxslərin bir qayda olaraq işə qəbul edilməsinə icazə vermir. Bununla yanaşı, gəncləri istehsalata hazırlamaq üçün orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, liseylərin 14 yaşına çatmış şagirdlərinin istehsalat təlimi keçməsi üçün dərsdən asudə vaxtda onların səhhətinə ziyan yetirməyən yüngül işlər yerinə yetirməklə, valideynlərin, yaxud onları əvəz edən şəxslərin razılığı ilə işə qəbul edilməsinə yol verilir. Bundan başqa, məcəllə uşaqların əmək şəraiti ağır, zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə işləməsini qadağan edir. Habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən gecə klublarında, barlarda, kazinolarda, o cümlədən spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsinə icazə verilmir.


Ekspert Mətləb Mahmudov deyir ki, uşaq əməyi ilə bağlı müəyyən sənədlərin olmasına baxmayaraq, hələ də uşaq əməyinin mövcud formaları, əsasən də öz xüsusiyyətinə görə cəmiyyətdən gizlədilən ən pis formaları və səviyyəsi haqqında tam təsəvvür yoxdur. Onun dediklərinə görə, köləlik, seksual istismar, qeyri-qanuni fəaliyyət və təhlükəli iş uşaq əməyinin ən pis formaları hesab edilir. Bununla belə, uşaqların işlədiyi sahələri və fəaliyyət növlərini "ən pis" kimi müəyyənləşdirmək çox çətindir. Belə ki, göstərilən formalara daxil olmayan işlərlə məşğul olan uşaqlar da kifayət qədər istirahət etmədən, sıxıntılı şəraitdə, soyuqda və istidə, içməli sudan və yeməkdən korluq çəkərək, elementar sanitar şəraiti olmayan yerlərdə çalışırlarsa, bu da uşaq əməyinin ən pis formasıdır.


Ekspert söyləyir ki, qəbul olunan qanunlara, görülən bütün tədbirlərə baxmayaraq vəziyyətin gündən-günə kəskinləşməsinin əsas səbəbi hüquqi vəziyyətlə faktiki vəziyyət arasındakı fərqdir. Yəni qanunvericilik aktlarında təsbit edilmiş bir sıra hüquq və normalar faktiki həllini tapmayıb. Onun sözlərinə görə, uşaq əməyinin istismarı və uşaqların müdafiəsi lazımi səviyyədə deyil: "Uşaqların təhsili, əməyi və sağlamlığı ilə bilavasitə məşğul olmalı olan nazirliklərin - təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, gənclər, idman və turizm nazirlikləri və çoxlu sayda qeyri-hökumət təşkilatlarının hər biri ayrılıqda, öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərdiklərinə görə uşaq əməyinin ağır formaları nəinki aradan qaldırılmır, hətta gündən-günə artmaqdadır".


Küçədə işləyən uşaqların əməyin ağır formaları ilə məşğul olduqlarını söyləmək olar. Müsahibim deyir ki, küçədə işləyən uşaqlar iki qrupa ayrılır: I qrupa daxil olan uşaqlar adətən gündüzlər, bəzi hallarda isə axşamlar və gecələr küçələrdə işləyib, sonda evinə gedir və ailəsi ilə birgə yaşayır. II qrup uşaqlar isə küçədə işləyir və orada da yaşayır. Onlar ya evlərini tərk etmişlər, ya da ailələri dağılmışdır. Onlar küçə uşaqlarıdır. M.Mahmudovun sözlərindən məlum oldu ki, ölkəmizdə küçədə işləyən uşaqların əksəriyyəti I qrupa aiddir: "Onlar əsasən xırda alverlə - saqqız, tum, siqaret, ayaqüstü yeməklər, qəzet, qələm və s. satışı ilə məşğul olurlar. Bundan başqa, marşrut avtobuslarında carçı, avtomaşınların təmiri və yuyulması və s. işlərdə çalışırlar. II qrupa mənsub olan uşaqlar zibil daşıyır, zibilxanalardan şüşə qablar toplayıb satır, dilənçilik edir və s. bu kimi çirkli işlərlə məşğul olurlar. Adətən belə uşaqlar qanunsuz işlərə, narkotik alveri və istifadəsinə, fahişəliyə cəlb edilir və zorakılıqlara məruz qalırlar."


Ekspert bildirir ki, ölkəmizdə küçədə işləyən və yaşayan, kimsəsiz və baxımsız uşaqlara kömək göstərən, onların normal həyata qayıtmalarına yardım edən, onların ümid yeri olan bir sıra qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Məsələn, "Küçədə işləyən və yaşayan uşaqlar üçün" "Işıqlı ev" Küçə Uşaqları Mərkəzinə gündə 50 - 60 nəfərə yaxın uşaq gəlir. Mərkəzin direktoru Südabə xanım Şirəliyevanın dediklərindən: "Valideyn himayəsindən məhrum olan uşaqların sayı artır. Bu günün acı həqiqəti uşaqların baxımsızlığıdır. Baxımsız uşaqların insanların onların qayğısına qalıb, onları başa düşərək lazımi mehribanlıq göstərməsinə ehtiyacı var. "Işıqlı ev" Bakı şəhərində azyaşlılar üçün dayaq mərkəzi olub, həyatın bütün çətinliklərini görmüş uşaqların sığınacaq yeridir. Müşahidələrimiz nəticəsində müəyyən etmişik ki, küçə uşaqlarının çoxunun valideyni, yaşamağa yeri yoxdur. Onları heç kim gözləmir və onların heç bir sənədləri də yoxdur. Belə uşaqlar və yeniyetmələrin taleyi yaşlıların diqqətindən kənarda qala bilməz. Sosial-reabilitasiya uşaqların dəyərli əxlaq normalarına qaytarılmasıdır. Bu isə uşaqların şəxsiyyət kimi tanınmasına yoldur. Mərkəzin fəaliyyət göstərməsi üçün təşkilatın daxili imkanlarından istifadə olunur. Uşaqlara isti yemək, imkan daxilində paltar verilir. Təhsildən kənar qalanlar üçün oxumağa şərait yaratmağa çalışırıq".


"Ümid yeri" Xeyriyyə Cəmiyyəti cinsindən, milliyətindən, sosial vəziyyətindən asılı olmayaraq baxımsız, kimsəsiz qalmış, küçədə yaşamağa məcbur olmuş uşaqların sığınacaq yeridir. Çirkin çirkabın içində, ac-yalavac bura gətirilən uşaqlara xörək, paltar verilir, həkim yoxlamasından keçirilir. Xəstəliyi varsa, müalicə olunur, təhsilə cəlb olunur, lazım gəldikdə valideynləri və ya yaxın qohumları axtarılıb tapılır, sənədləri ilə bağlı problemləri həll olunur.