Xüsusi Qayğıya Ehtiyacı olan uşaqların problemlərinə dair yaradılmış İşçi Qrupunun tanışlıq görüşünün hesabatı.
Xüsusi Qayğıya Ehtiyacı olan uşaqların problemlərinə dair QHT-in və Icma yönümlü mərkəzlərin Milli Elmi-praktiki Konfrans və Sərgisi ilə bağlı yaradılmış işçi qrupunun ilk iclası 27.12.05 tarixində keçirilmişdir. Iclasda «Uşaqların Sağlam Gələcəyi» Ictimai Birliyindən Quliyeva Zərifə və Nağıyeva Vəfa, «Göy qurşağı» ƏURM-dən Yeganə Məmmədəliyeva və Həqiqət Quliyeva, «Küçə Uşaqları» mərkəzindən Ramin Məmmədov, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin nümayəndəsi Rəhim Qafarov, Uşaq Hüquqları üzrə Azərbaycan QHT alyansından Nabil Seyidov və Save the Children təşkilatından Mehman Kərimov iştirak etmişlər.
Görüş zamanı təşkilat nümayəndələri bir-birilə tanış olmuş və Xüsusi Qayğıya Ehtiyacı olan uşaqların problemləri, keçiriləcək konfrans və sərgi ətrafında müzakirə aparmışlar. «Göy qurşağı» ƏURM-nin rəhbəri Yeganə Məmmədəliyeva bildirdi ki, Xüsusi Qayğıya Ehtiyacı olan uşaqlarla mərkəzlər tərəfindən aparılan iş prosesini video kaset halında hazırlamaq və valideynlərə paylamaq zəruri olardı. Həmçinin Yeganə xanım onu da qeyd etdi ki, konfrans və sərgi zamanı uşaqların əl işləri və ya qurduğu səhnəcikləri nümayiş etdirmək məqsədə uyğun olardı.
Konfrans zamanı müzakirə ediləcək mövzulara gəlincə, iştirakçılar ilk növbədə bu cür mərkəzlərin fəaliyyətini tənzimləyəcək və mərkəzlərə dövlət qayğısını artıracaq qanunvericiliyin işlənib hazırlanmasını zəruri saydılar. Eyni zamanda respublikanın müxtəlif bölgələrində bu cür mərkəzlərin yaradılması üçün əldə edilmiş təcrübəyə əsaslanaraq xüsusi fəaliyyət standartları, iş prinsipləri və xidmətlərin göstərilməsi qaydaları hazırlanmalı və maraqlı qurumlara təqdim edilməlidir.
İştirakçılar bildirdilər ki, bu sahədə milli şuurun formalaşdırılması, ictimaiyyət və dövlət qurumları arasında məlumatlılığın artırılması məqsədilə xüsusi PR kampaniya təşkil edilməlidir və bu kampaniyanın keçirilməsində KIV-ə, əsasəndə, TV verilişləri və press konfranslara geniş yer ayrılmalıdır.
İlk tanışlıq görüşünün sonunda iştirakçıları bu Konfrans və Sərginin keçirilməsi üçün bütün imkan və resursları səfərbər etmək və geniş ictimaiyyətə və dövlət nümayəndələrinə mərkəzlərin fəaliyyətini əyani şəkildə göstərmək və bu cür mərkəzlərə etimadın göstərilməsi və onların fəaliyyətinə dəstəyin artırılması üçün Konfrans və sərgidə yüksək səviyyədə iştirak etməyi önə çəkdilər.
Işçi Qrupunun növbəti görüşü 5 Yanvar 2006-cı il tarixində QHT Alyansının ofisində keçiriləcəkdir.