Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi yeni layihə problemin həlli yollarını araşdıracaq
NAILƏ
Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının müvafiq bölməsi ilə birlikdə "Uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu" mövzusunda layihə həyata keçirir. Konfederasiyadan verilən məlumata görə, layihə çərçivəsində ölkənin rayonlarında, xüsusilə də Kürdəmir və Bərdədə "dəyirmi masalar" keçiriləcək. Layihənin məqsədi sahibkarların uşaq əməyinə, xüsusilə də onun ağır formalarına qarşı mübarizəyə cəlb edilməsi, habelə uşaq əməyinin istismarının aradan qaldırılmasında onların fəaliyyət imkanlarının artırılmasına nail olmaqdır.
Layihə çərçivəsində Sabirabad, Biləsuvar, Imişli, Beyləqan, Ağcabədi, Ucar rayonlarında pambıqçılıqla bağlı işlərə cəlb edilmiş uşaqların sağlamlıq və təhsillə bağlı vəziyyəti də araşdırılacaq. Konfederasiyadan verilən məlumatda o da qeyd edilir ki, layihənin işçi qrupu uşaqların erkən yaşlarından ağır əməyə cəlb olunmasının səbəblərini, iş şəraitini, işin uşaqlara göstərdiyi təsiri və s. məqamları da aydınlaşdıracaq. Qurumun ekspertləri hesab edirlər ki, adı çəkilən rayonlarda "dəyirmi masalar"ın keçirilməsində məqsəd müvafiq təşkilatlarla birgə aparılan araşdırmaların nəticəsini ictimaiyyətə təqdim etməkdir.