Qanunvericiliyə görə, vətəndaşın 21 gündən az olmayaraq ödənişli məzuniyyəti təmin olunmalıdır


Əziz oxucular, "Femina" əlavəsində "Öz hüquqlarınızı bilin" rubrikasına sizi maraqlandıran suallarla müraciət edə bilərsiniz ([email protected]). Bizim hüquqşünas problemlərinizin həllinə kömək edəcək.


Suallarınızı Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin hüquqşünası Natiq Nəsirov cavablandıracaq. * Oğuz rayonundan Nicat Tağıyev adlı oxucumuz yazır: "Aqrar islahatlar nəticəsində Islahat Komissiyasının qərarına əsasən kolxozdan pay haqqı kimi mənim anama aktla kolxoz binasının bir otağı (6x3 metr) əmlak payı verilmişdir. Həmin əmlakın mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün anam hara müraciət etməli və hansı məbləğdə dövlət rüsumu ödəməlidir?".


Qeyd edək ki, məsələnin həlli üçün ilk növbədə müvafiq ərizə ilə icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsinə müraciət edilməlidir. Dövlət qeydiyyatından bəhs edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.


Həmin məcəllənin 140-cı maddəsinin 1-ci bəndinə görə, daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. 141-ci maddədə isə göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrinə bütün daşınmaz əmlak və onunla əlaqədar mövcud olan əşya hüquqları daxil edilir. Daşınmaz əmlakın dövlət reyestrində hər bir müstəqil daşınmaz əmlakın öz bölməsi və nömrəsi olmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizə haqqında 145-ci maddədə göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizələr ləngiməyə yol verilmədən onların zaman ardıcıllığı ilə ərizəçi və onun xahişi göstərilməklə ərizə jurnalına daxil edilir. 142-ci maddədə isə qeyd olunur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat və bununla bağlı işlər üçün qanunla müəyyənləşdirilmiş dövlət rüsumu tutulur.


* Poçtumuza ünvanlanmış digər bir sual isə məzuniyyətlə bağlıdır.


Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsində hər kəsin istirahət hüququna malik olması qeyd edilir. Sənəddə həmçinin əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan az olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Vətəndaşların bu konstitusion hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Məzuniyyətlər haqqında" Azərbaycan Respublikası Qanunu və digərləri ilə tənzimlənir.


AR Əmək Məcəlləsinin V bölməsi (103-146-cı maddələr) bütünlüklə bu mövzunu əhatə edir. "Məzuniyyətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində bu hüquqlar belə təsbit olunub: mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda işverənlərlə əmək münasibətlərində olan işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və fərdi əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.


Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müəssisələrində işverənlərlə əmək münasibətlərində olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də məzuniyyət hüququna malikdirlər. Qanunvericiliklə müəyyənləşdirilən hallar istisna olmaqla, işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmaq qadağan edilir. Işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmağa yönəldilən fərdi əmək müqavilələrinin şərtləri etibarsız sayılır. Işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir; a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; b) anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; s) ödənişsiz məzuniyyətlər.