Ramil Usubov «2005-ci ildə cinayətkarlığa qarşı mübarizə və onun nəticələri» mövzusuna həsr olunmuş kollegiyada bildirib ki, 2005-ci ildə ölkədə 17.243 cinayət hadisəsi üzrə 17.000-dən çox şəxs müəyyən edilib və onların 77,5 faizi cinayət məsuliyyətinə cəlb olunub. Həmin şəxslərin 32,6 faizi gənclər, 14,6 faizi qadınlar və 3,2 faizi yetkinlik yaşına çatmayanlardır.
Bakı, Azərbaycan
01 Fevral 2006
Həddi-buluğa çatmamışların 2005-ci il ərzində Bakıda törətdiyi 224 cinayət qeydə alınıb. Bu 2004-cü ildəkindən 18 fakt azdır. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Uşaq İnspeksiyasının rəisi Hüseyn Mehdiyev məlumat verib.
Bu cinayətlərə görə 197 nəfər həddi-buluğa çatmamış cinayət məsuliyyətinə cəlb edilib və bunun da 10 nəfəri qızdır. Hüquqpozmalara görə polis orqanlarına 1262 nəfər həddi-buluğa çatmamışlar gətirilib, bunlardan 135 nəfər xüsusi qəbuletmə məntəqələrinə, 7 nəfər isə Mərdəkan və Qubadakı xüsusi müəssisələrə göndəriliblər. Rayon icra hakimiyyətlərinin nəzdində yerləşən həddi-buluğa çatmamışlar üzrə komissiyaya 99 nəfər həddi-buluğa çatmamış göndərilib. 210 nəfər polis qeydiyyatına götürülüblər. 16 qız isə tibbi müayinədən keçmək üçün Raman qəsəbəsindəki açıq tipli xəstəxanaya göndərilib. H.Mehdiyev qeyd edib ki, atılmış olan 10 yeni doğulmuş uşaq evinə aparılıb.