Sevinc QARAYEVA
Fevralın sonlarında Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və BMT-nin Uşaq Hüquqları Komitəsinin QHT Qrupu uşaqların cinsi, kommersiya məqsədilə istismarı məsələlərinə dair təlim kursu həyata keçirəcəklər. Təlim kursunda məqsəd Azərbaycanda bu sahənin araşdırılmasında fəaliyyət göstərən QHT-lərin, dövlət orqanlarının, beynəlxalq hüquqla tanış edilməsi, ölkədə bu yöndə görülən qanunvericilik və praktik fəaliyyətin nəticələrinin nəzərdən keçirilməsi, gələcək işlərin fəaliyyət planının formalaşdırılmasıdır. Xatırladaq ki, ilk dəfə olaraq hələ 1996-cı ildə İsveçin paytaxtı Stokholmda Uşaqların Cinsi İstismarına qarşı Dünya Konqresi çağırılıb. 1996-cı ilin 31 avqustunda isə 120 ölkənin nümayəndəsi Stokholmda toplaşaraq uşaqların kommersiya məqsədilə cinsi istismarı ilə mübarizə barədə fəaliyyət planı və bəyannaməsi qəbul ediblər. Bu müddət ərzində Stokholm Bəyannaməsinə əməl edilməsi və uşaqların qorunması yolunda müəyyən fəaliyyət göstərilib.
1998 və 2000-ci illərdə ECPAT Stokholm və Yokohama konfransları ərzində fəaliyyət planları, bəyannamələrin həyata keçirilməsi istiqamətində hər hansı əhəmiyyətli addım atıldığını müəyyənləşdirmək məqsədilə bütün dünyada, o cümlədən Azərbaycanda sorğu aparılıb. Nəticələr göstərib ki, əksər ölkələrin və QHT-lərin bu istiqamətdə hər hansı fəaliyyəti qeydə alınmayıb. Qeyd edək ki, Avropa Şurasının üzvü olan Azərbaycan hökuməti Şuranın Nazirlər Kabineti tərəfindən hələ 2000-ci ildə qəbul edilən qərarın icrasına dair öhdəlik götürüb. Bu qərarda uşaqların cinsi istismarı, onlara qarşı cinsi zorakılığa dair konkret fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ölkə üzrə ilk dəfə olaraq 2005-ci ildə BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etmək üçün "Azərbaycan tərəfindən Uşaq Hüquqları Konvensiyasının icrası və Azərbaycanda uşaqların vəziyyətinə dair Alternativ QHT hesabatının" tərkib hissəsi kimi Uşaqların Kommersiya məqsədlərilə Cinsi İstismarı (UKCİ) sahəsində sorğu keçirib. Bu sorğunun nəticəsində mövcud vəziyyətin təhlili aparılıb və fəaliyyət planı hazırlanıb. Eyni zamanda bu mövzuya dair silsilə qəzet məqalələri və televiziya verilişləri də təşkil edilib.