Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Təhsil nazirliyinin dəstəyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə yardımı ilə «« Mənim Hüquqlarım...» adlı rəsm əsərlərinin Respublika müsabiqəsi» layihəsini təqdim edir.


Layihə 3 ay müddətində Fevral – Aprel 2003 tarixlərində həyata keçiriləcəkdir. Artıq layihənin hazırlıq işləri başlanmış və sona çatmaq üzrədir.


"Mənim hüquqlarım..." adlı rəsm əsərləri üzrə müsabiqədə Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edən 11-17 yaşlı orta məktəb, texnikum, internat və peşə məktəblərinin şagirdləri iştirak edə bilər. Müsabiqə üç seçim mərhələsindən ibarətdir: Birinci mərhələ hər bir şəhər, rayon və kənd məktəblərində həmin məktəblərin rəhbərliyinin nəzarəti altında keçirilir və müvafiq vaxt ərzində yığılmış rəsmlər məktəb rəhbərliyi tərəfindən təsdiq edilmiş Münsiflər Heyəti tərəfindən ilkin seçim prosesinə qatılır. Məktəb üzrə yığılmış bütün rəsmlərdən ən yaxşı 30 rəsm seçilib müvafiq vaxt ərzində Şəhər və ya Rayon təhsil şöbələrinin rəhbərliyinə çatdırılmalıdır.


İkinci mərhələ Şəhər və ya Rayon Təhsil Şöbələrinin bilavasitə rəhbərliyi altında keçir. Bu məqsədlə Şəhər və ya Rayon Təhsil Şöbələrinin tabeliyində olan bütün orta məktəblərin nümayəndələrinin iştirakıilə xüsusi Münsiflər heyəti təşkil olunur və bütün rəsmlərdən şəhər və ya rayon üzrə cəmi 25 ən yaxşı əsər seçilib Təhsil Nazirliyi və ya Ümidli Gələcək Gənclər Təşkilatına göndərilir.


Son üçüncü seçim mərhələsi Bakıda, Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu YUNİSEF-in, Böyük Britaniya Səfirliyi, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi və respublikada fəaliyyət göstərən digər dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri tərəfindən təşkil olunmuş Münsiflər heyəti tərəfindən aparılacaq. Jəmi 50 ən yaxşı rəsm əsəri seçiləcək. Seçilmiş 50 əsərdən ən yaxşı 20 rəsm xüsusi olaraq hazırlanacaq rəngli alboma daxil ediləcək. Münsiflər heyəti tərəfindən «Mənim hüquqlarım...» mövzusunda ən yaxşı rəsm əsri kimi qiymətləndirilən 4 qalibə isə pul mükafatları təqdim ediləcək.