Belə ki, o, uşaqların kommersiya məqsədilə cinsi istismarına dair hesabatlar hazırlamamaqla bu problemi kölgədə saxlayır
AYNURƏ
Stokholmda Uşaqların Cinsi İstismarına qarşı Dünya Konqresi uşaqların kommersiya məqsədi ilə cinsi istismarına qarşı qlobal səfərbərlik üçün imkanlar açıb. Belə ki, 1996-cı ilin avqustunda 120 ölkənin nümayəndəsinin iştirakı ilə uşaqların kommersiya məqsədi ilə cinsi istismarı ilə mübarizə üçün fəaliyyət planı və Stokholm Bəyannaməsi qəbul edilib. Sözsüz ki, həmin dövrdə uşaqların kommersiya məqsədi ilə cinsi istismarı mövzusu həm hökumətlər, həm də QHT-lər üçün yeni idi.
Məlumat üçün bildirək ki, 1998 və 2000-ci illərdə Stokholm və Yokohama konfransları ərzində fəaliyyət planları və ya bəyannamələrinin yaradılması və həyata keçirilməsi istiqamətində hər hansı əhəmiyyətli addım atıldığını müəyyənləşdirmək məqsədi ilə bütün dünyada, o cümlədən Azərbaycanda da bu istiqamətdə sorğu keçirilib. Nəticələrdən məlum olub ki, əksər ölkələrdə hökumətlər və QHT-lər bu yöndə hər hansı fəaliyyət göstərməyib, yaxud buna heç cəhd etməyib.
Qeyd edək ki, Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasının uşaq alveri və uşaqların cinsi istismarına dair Əlavə Protokoluna qoşularaq Azərbaycan öz üzərinə müvafiq öhdəliklər götürüb. Lakin Əlavə Protokolun yerinə yetirilməsi ilə bağlı Azərbaycan hökuməti BMT-nin Uşaq Hüquqları Komitəsinə hələ 2004-cü ilin 3 avqust tarixinədək hesabat təqdim etməliydi. Lakin hesabat indiyədək təqdim edilməyib.
Yeri gəlmişkən, Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Kabineti tərəfindən hələ 2000-ci ildə qəbul edilmiş qərarın icrasına dair də öhdəlik götürüb. Bu qərarda uşaqların cinsi istismarı, uşaqlara qarşı cinsi zorakılıq, uşaq pornoqrafiyasına dair konkret fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Ancaq bu istiqamətdə də hökumətin fəaliyyəti nəzərə çarpmır. Beləliklə də hökumət hesabatları hazırlamamaqda bu problemi kölgədə saxlamağa cəhd edir.
Yalnız Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ölkə üzrə ilk dəfə olaraq 2005-ci ildə BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etmək üçün "Azərbaycan tərəfindən Uşaq Hüquqları Konvensiyasının icrası və Azərbaycanda uşaqların vəziyyətinə dair Alternativ QHT hesabatının" tərkib hissəsi kimi uşaqların kommersiya məqsədləri ilə cinsi istismarı sahəsində sorğu keçirib. Sorğunun nəticəsində mövcud vəziyyətin təhlili aparılıb və fəaliyyət planı hazırlanıb.
Öyrəndik ki, fevral ayının sonlarında QHT Alyansı və BMT-nin Uşaq Hüquqları Komitəsinin QHT qrupu uşaqların cinsi və kommersiya məqsədi ilə istismarı məsələlərinə dair təlim kursu keçirəcəklər. Kursun keçirilməsində məqsəd Azərbaycanda bu sahənin araşdırılmasında fəaliyyət göstərən QHT-lərin, dövlət orqanlarının, KİV nümayəndələrinin beynəlxalq hüquqla tanış edilməsidir. Bundan başqa, təlim kurslarında bu sahədəki qanunvericilik və praktik fəaliyyətin nəticələrinin nəzərdən keçirilməsi, gələcək işlərin və fəaliyyət planının formalaşdırılmasıdır.