«Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsində keçirdiyi monitorinqlər zamanı cəza çəkən məhkumların bir sıra problemlərlə üzləşdiyi müşahidə olunub.
Azərbaycan Respublikası cəza-ica qanunvericiliyinə görə, yetkinlik yaşına çatmayan məhkumlar Tərbiyə Müəssisəsində 18 yaşı tamam olana qədər (müstəsna hallarda 20 yaşadək) saxlanılırlar. Bu müddət ərzində cəza müddəti bitməsə, cəzanın qalan hissəsi böyüklər üçün olan müəssisədə çəkilir.
«Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyindən verilən məlumata görə, böyüklər üçün müəssisəyə keçirilmə ərəfəsində tərbiyə olunanlar orda bir növ «hesabat» verəcəklərini göz önünə gətirdiklərindən ciddi təlaş, həyəcan keçirirlər. Nəticədə onların daxili intizam qaydalarını pozması halları çoxalır, mənfi vərdişlərə alışma, kriminal psixologiyanın daha da dərindən inkişaf etməsi, kriminal qanunlarla yaşamağa meyillilik kimi neqativ hallar müşahidə olunur.
Monitorinqi aparanların fikrincə, bunu kriminal aləmdə özünü doğrultmaq, ad çıxarmaq cəhdləri ilə əlaqələndirmək lazımdır. Onların dediyinə görə, Tərbiyə Müəssisəsində öz yaşıdları ilə bir yerdə olarkən islah yoluna qədəm qoymuş məhkumlar böyüklər üçün nəzərdə tutlmuş müəssisəyə keçiriləndən sonra mənfi təsirlərlə üzləşə bilərlər. Bu problemi tənzimləmək üçün isə Azərbaycanın qanunvericiliyindəki normaların təkmilləşdirilməsinə ehtiyac var.