Uşaq-cinayətkarların sayı artır. Onlarla düzgün rəftar etməyən polislərə qarşı nədənsə heç bir cəza tədbiri görülmür.


Azərbaycanda cinayətkarlığın dərəcəsi elə də yüksək deyil. Lakin burada əhalinin hər 1000 nəfərinə nisbətdə uşaqların törətdiyi cinayətlərin sayı Qərbi Avropa ölkələri ilə müqayisədə 2,4-2,5 dəfə çoxdur.


2001-ci ilin statistik göstəricisinə əsasən, Azərbaycanda törədilən ümumi cinayətlərin tərkibində uşaqların payı 2-3 faiz təşkil edib. Cinayətlərin 3 faizini (446 uşaq) uşaqlar edib. Bu uşaqların 90 faizi (444 uşaq) cinayət məsuliyyətinə cəlb olunub ki, onların da 15-i qızdır.


2001-ci ildə 342 uşaq ittiham olunub, 132-yə yaxın uşaq məhkəmələr tərəfindən həbs cəzasına məhkum edilib. Risq altında olan uşaqlara gəldikdə isə həmin ildə Azərbaycanda cinayət törətmək tendensiyası ilə uşaq müfəttişliyi tərəfindən 620 uşaq qeydiyyata alınıb. 2001-ci ildə Gəncə və Bakı şəhərlərində Uşaq Qəbul Paylama Mərkəzlərinə 421 yeni uşaq gətirilib. Onların çoxu atılmış və küçədə yaşayan və ya işləyən uşaqlar olub.


2003-cü ilin statistik göstəricisinə əsasən isə, Azərbaycanda ümumi törədilmiş cinayətlərin tərkibində uşaqların payı yenə də 2-3 faiz təşkil edib. Törədilmiş bütün cinayətlərin 2,8 faizi (412 uşaq) yeniyetmələr tərəfindən edilib. Bunların 84 faizi (330 uşaq) cinayət məsuliyyətinə cəlb olunub ki, onun da 3,3 faizini qızlar təşkil edib. 100 uşaq isə azadlıqdan məhrum olunaraq həbs cəzasına məhkum edilib. 2003-cü ildə risq altında olan 672 uşaq Azərbaycanda cinayət törətmək tendensiyası ilə uşaq müfəttişliyi tərəfindən qeydiyyata alınıb. Gəncə və Bakı şəhərlərində Uşaq Qəbul Paylama Mərkəzlərinə 274 yeni uşaq gətirilib. Onların çoxu tək valideynli uşaq olub.


Müxtəlif yaş həddində olan uşaqlar tərəfindən törədilən cinayətlərin sayının çoxluğuna görə isə, 2004-cü il xüsusilə fərqlənir. Statistik məlumatlara görə, Azərbaycanda uşaq müfəttişləri tərəfindən risq altında olan və ya cinayət törətməyə meylli olan təxminən 700 uşaq qeydə alınıb. 2,4 faiz uşaq ittiham olunub.


2003-cü ilin göstəriciləri ilə müqayisə etdikdə görünür ki, həmin ildə uşaqlar tərəfindən törədilən cinayətlərin sayı 412 olduğu halda 2004-cü ildə bu say 491-ə yüksəlib. Qeyd edək ki, buraya 17-18 yaşlı uşaqların sayı daxil deyil.


2005-ci ilin göstəricilərinə görə, Bakıdakı qəbul paylama məntəqələrində uşaqların sayı 30, Quba qapalı tipli tədris müəssisəsində 26, Gəncədə yerləşən 2 saylı təhqiqat təcridxanasında 3, Bakıda yerləşən təcridxanada 34, Gəncə uşaq qəbul paylama məntəqəsində isə 30 azyaşlı olub.


Yeri gəlmişkən onu da bildirək ki, 17-18 yaşlı uşaqlar tərəfindən törədilmiş cinayətlərin statistikası göstərilmir. Nəticədə dövlət hesabatlarında cinayət məsuliyyətinə cəlb edilmiş yetkinlik yaşına çatmayanların sayı 14-15 və 16-17 yaş arasında olan uşaqlarla cəmlənir. Statistik məlumat kitablarında 17-18 yaşlı uşaqlar tərəfindən törədilmiş cinayətlər ya gizlədilir, ya da çox güman ki, 18-24 yaşlılarla eyni sıraya daxil edilir. Bu da yenə sözsüz 17-18 yaşlı uşaqlar tərəfindən törədilmiş cinayətlərin sayının gizlədilməsinə gətirib çıxarır.


Onu da bildirək ki, uşaqlarının vəziyyətini əks etdirən yeni alternativ hesabat hazırlanıb. Hesabat uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması və uşaq hüquqlarının müdafiəsi və uşaqların iştirakının təmin edilməsi məqsədilə ölkədə çalışan 54 QHT , uşaq və gənclər qruplarının birləşdiyi Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən tərtib edilib. Hesabatdakı informasiyalar bir sıra təşkilatların praktiki təcrübəsinə və tədqiqat fəaliyyətləri, monitorinq və tədqiqat səfərləri, uşaqlarla, həbsxana işçiləri, polis əməkdaşları, hüquqşünaslar, yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri və valideynlərlə aparılmış müsahibələr, görüşlər və sorğular nəticəsində toplanmış məlumata əsaslanıb. Burada həm də Azərbaycanın müxtəlif bölgələrindən olan digər QHT-lərin hesabatlarından və onlarla aparılmış müsahibələrdən alınmış məlumat, uşaqlardan alınmış müsahibələr, müəllimlərdən, vəkillərdən, beynəlxalq təşkilatlardan, hökumət rəsmilərindən alınmış məlumatlardan da istifadə olunub. BMT-yə təqdim edilmək üçün nəzərdə tutulan bu hesabatda bir çox maraqlı məqamlar üzə çıxıb. Hesabatı hazırlamaq üçün araşdırma aparan mütəxəssislər müəyyənləşdiriblər ki, yetkinlik yaşına çatmayanlarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş cinayət proseduralarının humanistləşdirilməsi prosesi Azərbaycanda 2000-ci ildən başlayıb. Bu, Azərbaycan Respublikasının Cinayət və Cinayət Prosessual Məcəllələrinin qəbulu ilə mümkün olub.


Qanunvericilik uşaqların hüquqlarının qorunması üçün onlara geniş imkanlar açıb. Belə ki, polis məntəqəsinə gətirildiyi və ya istintaqı başlandığı andan uşaqların vəkillə təmin olunmaq hüququ var. Qanun müəyyən edir ki, yetkinlik yaşına çatmayanların işinin araşdırılması zamanı vəkil iştirak etməlidir. Lakin praktikada isə polis işçiləri uşağı həbs edib onu polis məntəqəsinə gətirmədən maşında saatlarla saxlayır və bununla da qanunu kobud pozurlar. Onlar hətta prosedurada nəzərdə tutulmayan sənəddən də istifadə edir, tutulmuş şəxsi cinayəti “törətməsi” barədə izahat yazmağa məcbur edirlər. Qanunvericilik isə belə izahatların yazılmasını müəyyən etməyib. Formal istintaq protokollarının əksinə olaraq, polis işçiləri izahatlara imza atmırlar. İzahatın alındığı şəraiti müəyyən etmək də olduqca çətindir.


Məhkəmə uşağın təqsirliliyi barədə qərar çıxarana qədər uşaq öz hüquqlarından istədiyi şəkildə istifadə etməlidir. Hər bir uşağın informasiya əldə etmək, ailəyə qovuşmaq, asudə vaxtdan istifadə etmək, xüsusi qayğı ilə təmin edilmək, təhsil almaq və s. hüquqları təmin olunmalıdır. Eyni zamanda dövlət uşağın ailəsi ilə yenidən birləşməsi və ümumiyyətlə, ailədən ayrılmaması üçün bütün mümkün tədbirləri görməlidir.


Uşağın valideynlərin və ya qanuni nümayəndələrin dinləmələrdə iştirakı barədə qərarı hakim kiçikyaşlının məsləhəti almaqla verməlidir. Həmçinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya nümayəndələrinin məhkəmə dinləmələrində iştirakı və bununla da uşağa və hakimə hər cür yardım göstərə bilməsi vacib sayılır.


Cinayət Prosessual Məcəlləsində göstərilir ki, əgər yetkinlik yaşına çatmayan şəxs cəza təyin edilmədən islah edilə bilərsə, hakim məcburi islah tərbiyəvi tədbirləri tətbiq edə bilər. Lakin tərbiyəvi tədbirlər icmalarda və yerlərdə digər bir alternativ cəza növü olmadığına görə yalnız yarı-açıq və yarı-qapalı tipli tədris müəssisələrinə yerləşdirmə ilə məhdudlaşır. Yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiyaların tərbiyəvi tədbirlərin təyin edilməsi, həyata keçirilməsi və monitorinqinin aparılması hüququna malikdir və buna görə məsuliyyət daşıyırlar. Lakin tərbiyəvi tədbirlərin məhkəmə tərəfindən təyin edilməsi üçün hazırda heç bir tətbiqi mexanizm mövcud deyil.


CPM-in 514.1 maddəsinə əsasən, məhkəmələr, cəzaçəkmə müəssisələri, məhkum edilmiş şəxsin tərbiyəvi və qanuni nümayəndələri cəzaçəkmə müəssisəsinin digəri və ya bir tərbiyəvi cəza tədbirinin digəri ilə əvəz edilməsi üçün müraciət edə bilərlər. Lakin araşdırma zamanı belə halların çox nadir olması baş verib. Bu uşaqların və onların valideynlərinin hüquqlarını bilmədikləri və onlara izah edilmədiyi ilə izah olunur. Həmçinin uşağın vəziyyəti və inkişafını yoxlamaq və qiymətləndirmə aparmaq səlahiyyətinə malik olan komissiyalar da öz vəzifələrini qanunda göstərildiyi kimi yerinə yetirmirlər. Vəkillər bütün proses ərzində iştirak etmir və bir çox səbəbdən uşaqların çox hissəsi üçün təyin edilmirlər. Mütəxəssislərin qənaətinə görə, Azərbaycanda yuvenal ədliyyə sisteminin islahedici xarakterdən daha çox cəzalandırıcı xarakter daşıdığı deyilir. Bu ədliyyə sisteminin müxtəlif mərhələlərində olarkən dövlət uşaqların müdafiəsini təmin edə biləcək heç bir spesifik tədbir və ya tədbirlər kompleksi həyata keçirmir. Məcələn, məlum olub ki, Cinayət Məcəlləsinin 133-cü maddəsinə əsasən, uşaqlara qarşı edilmiş fiziki zorakılıq və ya qeyri-qanuni rəftara görə 3 ildən 7 ilə kimi həbs cəzası kəsilə bilər. Polis tərəfindən saxlanılan və xüsusi qapalı tipli tədris müəssisələrində müxtəlif müddətə həbsdə saxlanılan uşaqların bir çoxunun onların polis işçiləri və həbsxana məmurları tərəfindən zorakılığa məruz qalmalarını desələr də, polislərə qarşı heç bir cəza tədbiri görülmür. Araşdırmalar zamanı o da məlum olub ki, cinayət törədən oğlanlar böyüklərdən ayrı saxlandığı halda qızlar üçün ayrı cəzaçəkmə müəssisəsi yoxdur. Qızlar qadınlarla birgə qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində saxlanılır. Adətən cinayət törətməkdə ittiham edilən və azadlıqdan məhrum edilmiş qızların sayı az olduğuna və buna görə də qızlar üçün ayrıca mərkəz yaradılmadığından azadlıqdan məhrum edilmiş yeganə qız hazırda qadınlar üçün həbsxanada saxlanılır.