Son illər 275 insan seksual istismar üçün xarici ölkələrə, o cümlədən ABŞ-a aparılıb


Г.СУЛЕЙМАНОВА

Azərbaycanda insan alveri, xüsusilə uşaq alveri haqqında çox danışılıb, çox deyilib. Son zamanlar bu mövzu haqqında danışanlar azalsa da, ATƏT-in təşkilatçılığı ilə Bakıda keçirilən insan alverinə qarşı mübarizəyə həsr edilmiş seminar bu problemi yenidən gündəmə gətirdi.


Seminarda həm də yeni faktlar, yeni fikirlər səsləndirildi.İnsan Alveri ilə Mübarizə İdarəsinin rəisi İmran Nəcəfov bildirdi ki, son illər 275 insan seksual istismar üçün xarici ölkələrə, o cümlədən ABŞ-a aparılıb.


Onlar 2003-2004-cü illərdə Nyu-York şəhərində fahişəliyə cəlb edilib. ABŞ-ın Federal Təhqiqat Bürosunun agentləri Bakıya gələrək Bakıdan ABŞ-a aparılmış insanlara saxta sənədlərin səfirliyin hansı əməkdaşları tərəfindən verildiyini öyrənməlidir. Bu məsələ qaranlıq qalsa da, səfirlikdən bildirirlər ki, məsələ tam aydın olandan sonra ictimaiyyətə açıqlanacaq.


Eyni zamanda Respublika Prokurorluğunda aparılan istintaq nəticəsində aydın olmuşdur ki, Bakı şəhər 1 saylı körpələr evindən 185 uşaq xarici ölkələrə satılıb. Bunlardan 157-si ABŞ-a, 18-i İsrailə, qalanları isə Səudiyyə Ərəbistanı və Fransaya satılıb.


Uzun müddətdən bəri apardığımız müşahidələr sübut edir ki, xarici ölkələrdən Azərbaycana insan alveri üçün 4 məqsədlə gəlirlər.


I - Fahişəlik biznesi üçün

II - İnsan orqanlarının transplantasiyası üçün

III - İnsan orqanizmində tibbi eksperimentlər aparmaqla yeni kəşflər etmək və iri məbləğdə pul qazanmaq üçün

IV - Doğrudan da həqiqi övladlığa götürmək üçün. Ancaq bu da çox vaxt alver və uşaq satmaqla həyata keçirilir.


Çox təssüf ki, Azərbaycanda insan alverinə qarşı mübarizə formal aparılır və hərə öz dollar payını alır. Bu alver şəbəkəsində, qismən hüquq-mühafizə orqanları, məhkəmə və səhiyyə sisteminin işçiləri iştirak edirlər.


Aşağıda deyəcəyimiz faktlarla sübut edəcəyik ki, təkcə insan alverində adları çəkilən dövlət orqanları necə yarıtmaz işləyir və əslində isə xeyli pul qazanırlar.


Suraxanıdakı 3 saylı doğum evindən neçə uşaq satılıb?


İki il öncə Suraxanı və Nəsimi rayon məhkəmələrində uşaq alveri işlərinə baxıldı. Suraxanı rayon 3 saylı doğum evində ginekoloq, tibb bacıları və xadimələr uşaq alverində təqsirli bilinərək məhkəməyə cəlb edilmişdilər.


İttihamnamədə tibb işçilərinin saxta sənədlər əsasında uşaq alveri ilə məşğul olduqları yazılır, məhkəmə də saxta akt tərtibindən başqa heç nəyə toxunmurdu. Bir sözlə, ortada qanunsuz uşaq alveri mövcud olsa da, məhkəmə prosesi uşaqların xarici vətəndaşlara saxta və savadsız sənədləşdirmə əsasında verildiyini araşdırdı.


Nəticədə bir neçə tibb işçisi 6 aylıq islah işləri və sınaq müddəti ilə yüngül cəzalandırıldı. Burada baş həkim nəinki ittiham olundu, heç işdən də uzaqlaşdırılmadı.


2004-cü ildə Nəsimi rayon məhkəməsində 6 həkimin uşaq alverində iştirakının işinə baxıldı. Onların hamısı 1 saylı körpələr evinin həkimləri idi.


Körpələr evinin baş həkim əvəzi Sevinc Vəliyeva, həkimlər Məlahət Əliyeva, Rəna Ağayeva və başqaları uşaq alverində birbaşa iştirak etməsələr də, onlar sənədlərin saxtalaşdırılmasında ittiham edilirdilər. Onlar uşaq alverində şübhəli şəxslər kimi təqsirli bilinirdilər. Təqsirləndirilən şəxslərin vəkilləri isə bildirirdilər ki, onlar saxta aktları rəhbərliyin göstərişi ilə tərtib ediblər. Qeyd edək ki, 1 saylı körpələr evinin baş həkimi o vaxt artıq vəfat etmişdi.


Məhkəmə baş həkim əvəzini şərti maliyyə vahidinin 300 misli qədər cərimə etmiş, digər həkimləri isə 6 aylıq islah işləri ilə sınaq müddətinə cəzalandırmışdı. Göründüyü kimi, istintaq və məhkəmə bir sıra vacib məsələlərin üstündən sükutla keçmiş, uşaq alverinin həqiqi təşkilatçılarını və iştirakçılarını cinayət məsuliyyətinə cəlb etməyi qəsdən lazım bilməmişdir. Guya ki, onların rüşvət alması da təsdiqlənməmişdir.


Onda sual olunur, niyə bu adamlar qanuna görə uşağın övladlığa verilməsini (onların iddiasına görə) ilk dəfə azərbaycanlı ailələrə təklif etməmiş, elə birbaşa xarici vətəndaşlara təklif etmişlər (daha doğrusu, onların özlərinin verdiyi pula görə)? Bəyəm, baş həkimlər və uşaqların övladlığa verilməsi üzrə məsul şəxs Bakı Baş Səhiyyə İdarəsinin rəisi qanunun və qaydaların bu müddəalarını bilmirlər? Hələ bir il əvvəl uşaq problemləri ilə məşğul olan millət vəkillərindən biri demişdi ki, Azərbaycanda uşaq alveri Səhiyyə Nazirliyinin himayəçiliyi ilə B.Qasımova tərəfindən həyata keçirilir.


Məhkəmə isə baş həkimləri və B.Qasımovanı yox, tibb bacılarını, sıravi həkimləri, hətta xadimələri cəzalandırır. Qeyd edək ki, səhiyyə ocaqlarından verilən hər bir sənədə baş həkim möhur vurur və onun saxta və ya düzgün olmasına görə məhz o məsuliyyət daşıyır.


Uşaqlar 20-25 min dollara satılır


Digər bir məsələ. Məhkəmə nəyə görə ABŞ-a verilən 85 uşağa görə səfirlik əməkdaşlarından heç birini ittiham etməyib? Axı, ABŞ uşaq hüquqları və uşaqların övladlığa götürülməsi haqqında Beynəlxalq Konvensiyanı da imzalamayıb.


Məgər müstəntiq və hakimlər bu məsələni bilmirlər? Bilirlər, sadəcə, onlar da uşaq alverində öz paylarını alırlar. Tibb ictimaiyyəti arasında danışılan söz-söhbətə görə hər bir uşaq ən azı 20-25 min ABŞ dollarına xarici vətəndaşlara satılır. Uşaqların bəlkə də, 90-95 faizi xarici ölkələrdə yenidən satılaraq onların orqanlarından transplantasiya və tibbi eksperiment üçün istifadə edilir.


Qadın alverinə qoyulan “investisiya” isə bəlli yaş dövrünə qədər hər gün xeyli gəlir gətirir. Necə deyərlər, bu fahişə qadınlar hər gün ayrı-ayrı yastıqlarda qocalırlar. Xarici vətəndaşlara qanuni yolla olsa belə, övladlığa verilmiş kimsəsiz uşaqların taleyi heç bir hökumət qurumunu maraqlandırmır. Hamıya maraqlı ola biləcək Azərbaycanın da qoşulduğu Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının uşağın övladlığa götürülməsi müddəasına baxaq: “Övladlığa götürmə sistemini qəbul edən və yaxud bu sistemin həyata keçirilməsinə icazə verən iştirakçı dövlətlər uşağın ən yaxşı maraqlarının ilk növbədə nəzərə alınmasını təmin etsinlər və onlar:


  • a) təmin etsinlər ki, uşağın övladlığa götürülməsinə ancaq səlahiyyətli orqanlar icazə versinlər. Bu orqanlar tətbiq edilən qanun və qaydalara uyğun olaraq və işə aid bütün səhih məlumat əsasında müəyyən ediblər ki, uşağın valideynləri, qohumlar və qanuni qəyyumlar barəsində statusuna görə övladlığa götürmə mümkündür və əgər tələb olunursa, əlaqədar şəxslər lazım ola biləcək belə məsləhətləşmə əsasında övladlığa götürməyə öz dərk olunmuş razılığını versinlər.
  • b) Təsdiq edirlər ki, uşağın başqa bir ölkədə övladlığa götürülməsi ona baxmağın alternativ üsulu hesab oluna bilər. Bu şərtlə ki, uşaq onun tərbiyə olunmasının və ya övladlığa götürülməsini təmin edə bilməyəcək ailəyə tərbiyə edilməyə , yaxud saxlanmağa verilə bilməsin və uşağın doğulduğu ölkədə ona münasib qaydada baxılmasının təmin edilməsi mümkün olmasın.
  • v) təmin edirlər ki, uşaq başqa bir ölkədə övladlığa götürüldükdə, ölkənin daxilində övladlığa götürülmə ilə əlaqədar tətbiq edilən eyni təminat və normalar tətbiq edilsin.

  • q) bunu təmin etmək məqsədilə bütün lazımi tədbirlər görürlər ki, başqa ölkədə övladlığa götürmə tədbirində uşağın yerbəyer edilməsi bununla bağlı şəxslərin əsassız olaraq maliyyə mənfəəti əldə etməsinə gətirib çıxarılmasın”. Çox təəssüf ki, Azərbaycanda uşağın xarici vətəndaşlara verilməsi qanunsuz yollarla həyata keçirilir və yalnız onlara pulla satılır. İmran Nəcəfovun beynəlxalq seminarda son açıqlamaları 2 il əvvəl uşaq alverinə görə faktları yenidən gündəmə gətirib.

Səhiyyə Nazirliyində də bildirirlər ki, uşaq alverinin təşkilatçıları cəzalandırılacaq.Bunlar onu göstərir ki, bu dəfə deyəsən, xadimələr, tibb bacıları deyil, səhiyyə məmurları məsuliyyətə cəlb ediləcəklər.