Uşaqlar Arasında İntiharlar Artır

Bunda dini sektaların rolu araşdırılmalıdır. Son vaxtlar uşaqlar arasında intihar hallarının artması cəmiyyətdə narahatlıqla qarşılanıb. İntihara gətirib çıxaran səbəblər sırasında bəzi dini sektaların xüsusilə uşaqlar arasında apardığı təbliğata diqqət çəkilir. Uşaqların kənar təzyiqlər nəticəsində bu yolu seçməsi istisna olunmur. Qeydə alınmış intihar faktları ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanları, prokurorluq orqanları tərəfindən təhqiqat aparılır. Təhqiqat zamanı cinayət tərkibi yarada bilən əlamətlər aşkarlanırsa, faktla bağlı cinayət işi qaldırılır. Hüquq mərkəzinin müstəqil eksperti, sabiq polis rəisi Mahmud Hacıyev “OLAYLAR”a müsahibəsində qeyd edir ki, təhqiqat zamanı xüsusilə iki amilə diqqət yetirilməlidir: “Uşaqların dini sektaların təsirinə düşməsi və özünü öldürmə həddiqnə çatdırılması amilləri xüsusi araşdırılmalıdı. Əgər bu amillər aşkarlanarsa, cinayət işi başlanmalıdır”. Ekspert intiharlarla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma və ümumiləşdirmə aparılmasını vacib sayır: “Bizdə bu faktların qeydiyyat hesabatı olduqca pis vəziyyətdədir. İl ərzində baş vermiş intiharların təhlili aparılarkən neçə uşağın intihar etməsi, onların yaş hədləri, cinsləri, ailə tərkibi, sosial-iqtisadi durumu öyrənilməlidir. Təhlilin nəticələrinə müvafiq olaraq profilaktik tədbirlər görülməlidir. Çox təəssüflər ki, belə təhlil bizdə aparılmır”.


M.Hacıyev uşaqlar arasında intiharın səbəbləri sırasında dini sektaların da rolunu istisna etməyib: “Bir neçə il öncə Yaponiyada da uşaqlar, gənclər arasında intihar halları artmışdı. Bununla bağlı araşdırmalar aparıldı və məlum oldu ki, bu işdə dini sektaların təsiri var. Dini sektalar əsasən internet vasitəsilə uşaqlara, gənclərə təsir göstərir, onları ölümə təhrik edirdilər. Bizdə də bu araşdırma mütləq aparılmalıdı. Səhiyyə, Təhsil nazirlikləri ilə birgə hüquq-mühafizə orqanları ümumiləşdirmə aparıb profilaktik tədbirlər həyata keçirməlidirlər”.