Onlardan 20-sinin həyətində kənar müdaxilələr - yaşayış binasının tikintisi və icarə halları - qeydə alınıb
Nailə İSMAYILOVA
"Bakı şəhərində fəaliyyət göstərən 306 ümumtəhsil məktəbindən 150-sinin texniki pasportu yoxdur.
Araşdırmalar isə göstərir ki, texniki pasportu olmayan məktəblərdən 20-sinin həyətinə kənar müdaxilələr edilib". Bu sözləri Bakı şəhər Baş Təhsil İdarəsinin rəisi Məhəbbət Qarabağlı "Ayna"ya müsahibəsində dilə gətirdi.
Məhəbbət Qarabağlı söylədi ki, o, məktəb binalarının mövcud vəziyyəti, şagird növbəliliyi, müəllim hazırlığı və digər məsələləri araşdırmaq məqsədi ilə paytaxt məktəblərində olub: "Araşdırmalar zamanı bəlli oldu ki, müxtəlif rayonlarda məktəb həyətləri zəbt olunub və ya icarəyə verilib. Bizim araşdırmalara görə, hazırda 20-dən çox məktəb var ki, onların həyətlərindəki hasar sökülərək məktəbin sahəsi azaldılıb. Elə ərazi var ki, orada çoxmərtəbəli bina tikilir, elə məktəblər də var ki, qeyri təhsil müəssisəsi tərəfindən zəbt edilib".
Baş Təhsil İdarəsinin rəisi baş verən hadisələrin səbəbini araşdırarkən bəlli olub ki, problemin arxasında ümumtəhsil məktəblərinin texniki pasportunun olmaması dayanır. Ümumiyyətlə, texniki pasport nədir və o, məktəbə nə üçün lazımdır? Müsahibim söylədi ki, sözügedən sənəddə məktəbin tikilmə tarixi, sinif otaqlarının sayı, o cümlədən də ərazisinə dair ətraflı məlumat verilir. Cənab Qarabağlı onu da əlavə etdi ki, hər bir məktəbin texniki pasportu tikinti işləri başa çatdıqdan sonra açarlarla birgə direktora verilir. 20-dən artıq məktəbin texniki pasportunun olmamasına gəlincə, müsahibim bu addımların düşünülmüş olmasını da istisna etmədi.
Məktəb həyətlərinə müdaxiləyə daha çox paytaxtda, yoxsa Bakı ətrafı qəsəbələrdə rast gəlinib? Sualımızı cavablandıran baş idarə rəisi "hər iki tərəfdə" dedi. Onun sözlərinə görə, belə bir fakt Nərimanov rayonunda yerləşən 34 saylı orta məktəbin həyətində də baş verib: "Biz faktla bağlı sözügedən məktəbdə olduq. Qeyd edim ki, ətraf yaşıllıqdır və hasar çəkilərək məktəb həyətinə müdaxilə edilib. Biz bu məsələ ilə bağlı həm Təhsil Nazirliyinə, həm də Nazirlər Kabinetinə məlumat verdik". Məhəbbət Qarabağlı deyir ki, araşdırmalardan bəlli oldu ki, 34 saylı məktəbin də texniki pasportu yoxdur. Müsahibim hesab edir ki, belə məqamlarda problemi həll etmək bir qədər çətinləşir. Çünki texniki pasportu olmayan məktəbin ərazisinin nə qədər olması mübahisə predmetinə çevrilir. Qeyd edək ki, analoji hadisə 34 saylı məktəbin timsalında da yaşanıb. Belə ki, məktəb həyətinə keçirilən ilk baxış zamanı zəbt olunmuş ərazinin məktəbə aid olduğu söylənilsə də, sonradan tərəflər qəti fikir söyləməkdə çətinlik çəkiblər. "Əgər məktəbin texniki pasportu yoxdursa, belə mübahisələr olacaq", - deyə o əlavə etdi.
Bəs məktəb həyətlərindən qeyri-təhsil məqsədləri üçün istifadəyə kim icazə verir? Məhəbbət Qarabağlı "Bununla bağlı konkret fikir söyləmək çətindir. Amma faktdır ki, texniki pasportu olan və sənəddə ərazisi göstərilən məktəb həyətinə heç bir müdaxilə edilmir" dedi.
Vəziyyətdən çıxış yolu kimi Bakı Baş Təhsil İdarəsinin rəhbərliyi bütün məktəblərə texniki pasport hazırlamağı tapşırıb. Müsahibim söylədi ki, bununla bağlı qarşı tərəfə 3 ay müddətində vaxt da verilib. Lakin bu dəfə də ortaya problem çıxıb: "Çox təəssüf ki, dörd aydan da artıq vaxt keçməsinə baxmayaraq, bu məsələ öz həllini tapmayıb". O ki qaldı idarə rəisinin qərarının indiyə qədər icrasız qalmasına, Məhəbbət Qarabağlı bunu maarif şöbələrinin kifayət qədər vəsaitinin olmaması ilə əlaqələndirdi. "Bu məsələyə başdansovdu yanaşılır. Deyirlər ki, texniki pasportun hazırlanması üçün vəsait tələb olunur. Biz də vəziyyəti nəzərə alıb müddəti uzatdıq. Hələ ki ciddi bir irəliləyiş yoxdur. Qeyd edim ki, artıq məsələyə Təhsil Nazirliyi, eyni zamanda, Nazirlər Kabineti də qoşulub. İnanıram ki, məsələ öz həllini tapacaq", - deyə müsahibim əlavə etdi. Məhəbbət Qarabağlı deyir ki, əgər problemin həllinə laqeyd yanaşma davam etsə, bu, şəxsi maraqların mövcudluğunu ortaya çıxarır.
Müsahibim bildirdi ki, ümumiyyətlə, məktəb həyəti hər hansı kənar müdaxilələr deyil, məhz təhsilin keyfiyyətini yağşılaşdırmaq məqsədi ilə qaçış zolağı, hərbi şəhərcik, idman meydançası və s. üçün nəzərdə tutulub. O bu gün əksər məktəblərin bu normalara cavab vermədiyini təəssüflə bildirdi.
Ümumtəhsil məktəblərinin sahib olduqları ərazinin həcminə gəlincə, müsahibim burada fərqli rəqəmlərin mövcudluğunu dilə gətirdi. Onun sözlərinə görə, hər bir məktəbin malik olduğu ərazi burada təhsil alan şagirdlərin sayına müvafiq olaraq müəyyən edilir.
Söhbət əsnasında Baş Təhsil İdarəsinin rəisi ümumtəhsil məktəblərində fəaliyyət göstərən yeməkxana və bufetlərin fəaliyyətinə də toxundu. Xatırladaq ki, hələ sovet dönəmində məktəbin yeməkxana və bufetləri burada təhsil alan şagirdlərə xidmət edirdi. Burada isti yeməklərlə yanaşı, müxtəlif şirniyyatlar da satılırdı. Lakin gerçəklik göstərir ki, bu gün məktəb həyətləri kimi bufetlərin də fəaliyyətinə müdaxilələr var. Məhəbbət Qarabağlı söylədi ki, aparılan araşdırmalar onların fəaliyyətinin yarıtmaz olduğunu deməyə əsas verir. İdarə rəisi burada qeyri-qanuni icarə hallarının mövcudluğunu da istisna etmədi: "Bu yaxınlarda analoji problemlə Binəqədi rayonundakı məktəblərdən birində rastlaşdıq. Söhbət əsnasında bəlli oldu ki, məktəb direktoru bufetdə kimin işləməsinə, kimin işdən azad edilməsinə müdaxilə edə bilmir". Müsahibim söylədi ki, hazırda baş idarə əməkdaşları mövcud vəziyyətlə bağlı araşdırma aparırlar.
Xatırladaq ki, bir müddət əvvəl ali məktəblər öz sərhədlərini müəyyən edərək şəhərcik yaratdılar. Müsahibim deyir ki, belə bir ənənəni məktəblərə də gətirmək vacibdir. "Əlbəttə, məktəbin sərhədlərinin müəyyən edilməsi çox vacib məsələdir. Əks təqdirdə, biz belə müdaxilələrlə rastlaşacağıq", - deyə o bildirdi.