2010-cu il oktyabr ayından etibarən Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi 3 Qafqaz ölkələrinin iştirakı ilə “Uşaqlara Qarşı Zorakılıq Hallarının Aradan Qaldırılması, Onların Cinsi və Fiziki Zorakılıq Hallarına Məruz Qalmasının Öyrənilməsi” adlı layihəsinin icrasına başlamışdır. Layihə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu və OAK Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Son illərdə aparılan araşdırmaya görə Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının artması müşahidə edilmişdir. Bu araşdırmalar nəticəsində zorakılığın ən çox rast gəlinən formalarına məişət zorakılıq, uşaqlara qarşı etinasızlıq, cinsi zorakılıq və s.qeyd etmək olar. Belə halların mövcudluğu, xüsusən də gələcəyimiz olan uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ciddi addımların atılmasını tələb edir. Məhz buna görə də, Ümidli Gələcək GT Azərbaycanda uşaqların vəziyyəti, onların problemlərinin aradan qaldırılması sahəsində fəaliyyət göstərdiyi üçün bu layihədə iştirakını öz üzərinə götürür.
Layihə çərçivəsində 3 ölkənin nümayəndələrinin iştirakı ilə Gürcüstanın Tiblisi şəhərində 3 günlük görüş təşkil edilmiş, görüşdə layihənin fəaliyyət planını, ilkin addımlar və sorğular müzakirə edilmiş və hazırlamışdır.
Konfransın uğurlu nəticəsi kimi uşaqlara qarşı zorakılığın aradan qaldırılması sahəsində əməkdaşlıq edəcək QHT- lərin regional şəbəkəsi yaradılmışdır. Şəbəkə 9 nəfərdən ibarət İdarə Heyətini seçmişdir. İdarə Heyətinə Azərbaycandan Ümidli Gələcək Gənclər Təşkilatı, SOS Uşaq Kəndləri Assosiasiyası və Azərbaycan Uşaq Birliyinin nümayəndələri üzv seçilmişlər. Layihədə nəzərdə tutulduğu kimi hər 3 ölkədə (Azərbaycan, Gürcüstan və Ermənistan) uşaqlar və onların problemləri sahəsində fəaliyyət göstərən QHT və dövlət strukturları ilə “Uşaqlara Qarşı Zorakılıq və Etinasızlıq” mövzusunda sorğular keçirilmiş və sorğuların nəticələri təhlil edilərək müvafiq dövlət qurumuna təqdim edilməsi həmçinin layihə çərçivəsində bu sahədə fəaliyyət göstərən təşkilatların dəstəyi ilə uşaq müəssisələrində, məktəblərdə uşaqlarla maarifləndirmə işləri, təlimlər, mövzuya dair materialların paylanması nəzərdə tutulub. Layihə çərçivəsində gələcək fəaliyyət kimi Zorakılığa Məruz Qalmış Uşaqlar üçün Reabilitasiya Mərkəzinin yaradılması da planlaşdırılır. Bu da zorakılığa məruz qalan uşağın peşəkar mütəxəssislər tərəfindən psixoloji durumunun yaxşılaşdırılmasına, uşağın adaptasiya olunmasına özünüqiymətləndirməsi və özünə inamın artırılması ilə nəticələnəcəkdir. Eyni zamanda layihə çərçivəsində uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə Azərbaycanda uşaqlarla bağlı qanunvericiliyin ekspertizası həyata keçiriləcək və tövsiyyələr hazırlanacaq. Hazırlanmış tövsiyyələr müvafiq dövlət orqanlarına təqdim olunacaq.