“Himayədar qayğı, kiçik qrup evi və müvəqqəti qayğı kimi ailə əsaslı alternativ sosial xidmətlər”    

2006-cı ilədək bir çox QHT-lər, beynəlxalq təşkilatlar tərəfindən intensiv şəkildə həyata keçirilən pilot layihələr, araşdırmalar, xüsusilə də UNİCEF və BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən Azərbaycan Hökumətinə verilən tövsiyələr əsasında, Azərbaycan prezidenti tərəfindən 26 mart 2006-cı il tarixində “Dövlət Uşaq Müəssisələrindən Uşaqların Ailələrə Verilməsi (deinstitusionalizasiya) və Alternativ Qayğı Dövlət Proqramı (2006-2015)” imzalandı və icrasına start verildi. Son statistik məlumata əsasən dövlət uşaq müəssisələrində 9776 uşaq var, onlardan 551 uşaq daimi internat müəssisələri və uşaq evlərində ailə mühitindən təcrid olunmuş tərzdə təhsil və tərbiyə alır. Ümumiyyətlə, məlumdur ki, mövcud dövlət uşaq müəssisələri “uşaqların tərbiyəsi üçün ailənin ən əlverişli mühit” olduğunu təsbit edən BMT-nin Uşaq Hüquqları Konvensiyasının tələblərinin pozulmasına şərait yaradır. Qeyd edilməlidir ki, bu cür müəssisələrin bir sırası qapalı şəkildə fəaliyyət göstərir ki, bu da uşaqları cəmiyyətdən müəyyən mənada uzun müddətə təcrid edir. Mövcud müəssisələrə altеrnativ оlaraq bir nеçə ailə əsaslı qayğı modelləri mövcuddur və onlar uğurla dünyanın müxtəlif ölkələrində tətbiq edilir. Bu modellərdən dörd növ xidmət, qısa və uzun müddətli himayədar qayğı xidməti, kiçik qrup evi və müvəqqəti qayğı xidmətləri Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və Təhsil Nazilriyinin Maliyyələşdirdiyi “Himayədar qayğı və ailə dəstək xidmətlərinin yaradılmasında yerli hakimiyyət orqanları və Qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın qurulması” pilot layihə çərçivəsində Azərbaycanda qurulmaqdadır. Layihənin icraçıları Hilfsverk Avstriya Beynəlxalq Təşkilatı, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və Təhsil Nazirlyidir. Layihə pilot olaraq Xəzər rayonunda həyata keçirilməkdədir. Ölkədə ailə əsaslı bu dörd növ alternativ qayğı xidmətlərinin yaradılması məsələlərini müzakirə etmək üçün “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Təhsil Nazirliyi nəzdində olan De-institutlaşma və Uşaqların Müdafiəsi Idarəsi, Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və Hilfsverk Avstriya Beynəlxalq təşkilatı ilə birgə “Himayədar qayğı, kiçik qrup evi və müvəqqəti qayğı kimi ailə əsaslı alternativ sosial xidmətlər” mövzusunda dəyirmi masanı təşkil edir. Dəyirmi masada müxtəlif nazirliklərin, yerli icra strukturlarının və KİV nümayəndələrinin də iştirakı nəzərdə tutulub.