Mehriban Zeynalovaya görə, insan alveri ilə mübarizədə maraqlı olan qurumlarda belə gecikmələr müşahidə edilir
Nailə ISMAYILOVA
"Təmiz dünya" Ictimai Birliyi bölgədə insan alveri ilə mübarizə məqsədi ilə şəbəkənin yaradılmasını təklif edir. Birliyin sədri Mehriban Zeynalova bizimlə söhbətində qeyd etdi ki, problem bölgə üçün oxşar təyinatlı olduğundan onun aradan qaldırılması üçün də birgə tədbirlər həyata keçirilməlidir: "Əslində, qeyri-rəsmi belə bir şəbəkə mövcuddur. Müşahidələr də göstərir ki, ölkələr arasında informasiya mübadiləsi zəif olduğundan aparılan mübarizə effektiv olmur". Mehriban Zeynalova deyir ki, tranzit ölkə sayılan Azərbaycan özü də əksər hallarda Gürcüstan ərazisindən tranzit kimi istifadə edir. Onun qənaətincə, bütün bunlar informasiya mübadiləsinin yetərli olmadığına işarədir.
Birlik sədri bu yaxınlarda ölkəyə gətirilən Gürcüstan vətəndaşına sığınacaq verdiklərini də dilə gətirdi. Maraqlıdır ki, qonşu ölkə vətəndaşları ölkəyə kim tərəfindən gətirilir? Mehriban Zeynalova burada müxtəlif versiyaların olduğunu bildirdi.
Birlik sədri hesab edir ki, bu il insan alveri ilə mübarizədə ciddi addımlar atılacaq: "Əlbəttə, burada əsas məsuliyyət problemin həlli ilə yaxından məşğul olan qeyri-hökumət təşkilatlarının üzərinə düşür. Bəllidir ki, bu il bir sıra məsələlərin, o cümlədən sığınacaqların açılması qarşıda duran əsas məsələlərdəndir". Söhbət əsnasında birlik sədri problemin həllində maraqlı olan beynəlxalq təşkilatların belə laqeydlik nümayiş etdirdiklərini söylədi.
"Artıq neçə illərdir beynəlxalq təşkilatlar problemin həlli istiqamətində öz öhdəliklərini dilə gətirirlər. Əfsus ki, real işdə gecikmələr müşahidə olunur və bu da ümumi işin zərərinədir", - deyə o əlavə etdi. Mehriban Zeynalova qeyd etdi ki, cəmiyyətdə baş verən siyasi proseslər bəzən digər məsələləri kölgədə qoyur: "Seçki ərəfəsində, demək olar, hər şey unuduldu və bütün təşkilatlar diqqəti bura yönəltdilər. Hesab edirik ki, bütövlükdə cəmiyyət üçün təhlükəli olan insan alveri heç bir hadisənin fonunda unudulmamalıdır".
Müsahibim daha sonra "bu gün sığınacaqların açılması maliyyə qıtlığı üzündən yubanır. Beynəlxalq təşkilatlar bununla bağlı müəyyən vədlər versələr də, hələlik ciddi irəliləyiş yoxdur. Ümumiyyətlə, analoji vəziyyət həm dövlət, həm də qeyri-dövlət təşkilatları arasında müşahidə edilməkdədir", - deyə bildirdi. Bəs Azərbaycan hökuməti nə zaman problemin həllinə vəsait ayıracaq? Mehriban Zeynalova qeyd etdi ki, indiki məqamda bununla bağlı dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmur: "Azərbaycan hökuməti bununla bağlı Dövlət Neft Fondunun vəsaitindən müəyyən ayırmalar edəcək, lakin bu, iki ildən tez olmayacaq".
Birliyin ötənilki fəaliyyətinə toxunan xanım Zeynalova qeyd etdi ki, bir sıra rayonlarda, o cümlədən Masallı, Lənkəran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Qazax, Kürdəmir, Gəncə, Şəki, Balakən, Zaqatala, Saatlı və Mingəçevirdə seminar və vətəndaş forumları keçirilib: "Bundan əlavə, ötən il ərzində "Təmiz dünya" 7 tədqiqat aparıb ki, bunlardan da ikisi insan alveri, üçü ailədaxili zorakılıq, biri qanunların ictimai-siyasi həyatda fəallığı, digəri isə ümumilikdə cəmiyyətdəki zorakılıq hallarının tədqiqinə yönəlib".
"Təmiz dünya" Ictimai Birliyinin həyata keçirdiyi "Stop trafikinq" layihəsi isə əsasən bölgələrdə, xüsusən də sərhəd rayonlarında insan alveri və miqrasiya problemi ilə mübarizəyə həsr edilib. Mehriban Zeynalova qeyd etdi ki, layihə çərçivəsində bölgə televiziyalarında xüsusi verilişlər hazırlanıb: "Maraqlıdır ki, məhz bu verilişlər efirə getdikdən sonra onlarca insan zəng edərək övladlarının itkin düşməsi barədə məlumat veriblər".
Birlik sədri söylədi ki, onlar itkin düşənlərdən bir neçəsini taparaq valideynlərinə qaytarıblar. Müsahibim söylədi ki, hətta insan alverinin qurbanı olmuş bir neçə qadının cəmiyyətə inteqrasiyası və iş yerləri ilə təmin edilməsinə də nail olublar: "Işədüzəltmə büroları var ki, biz onlarla əməkdaşlıq edirik. Onlar müvafiq işlər olan kimi bizi məlumatlandırırlar. Çox vaxt iş yerlərinin tapılması ilə bağlı çətinliklərin olduğunu deyirlər. Amma təcrübə də göstərir ki, bəzən bu qadınlara bəyəndiyi işi seçmək imkanı da verilir. Qeyd edim ki, onların məvacibləri də 150 - 200 dollar həcmində olur".
Mehriban Zeynalova bəzi hallarda qadınların iş seçimində kapriz nümayiş etdirdiklərini söylədi. "Bəzən qadınlar özləri problem yaradırlar, şərt qoyurlar. Əlbəttə, hər iki tərəf öz şərtlərini irəli sürə bilər. Amma düşünürəm ki, hər şey normalar çərçivəsində olmalıdır", - deyə o əlavə etdi.
Sonda birlik sədri insan alveri ilə mübarizəyə istiqamətlənmiş "qaynar xətt"in fəaliyyəti ilə bağlı da məlumat verdi. O qeyd etdi ki, bu xidmətin fəaliyyəti üçün beynəlxalq təşkilatlar maliyyə yardımı vəd etsələr də, yubanmalar onun işini ləngidir: "Buna baxmayaraq hökumət öz maliyyə vəsaiti hesabına "qaynar xətt" açıb. Qeyd etmək istərdim ki, hazırda bu xidmətin icra olunması bizim təşkilata həvalə edilib. Vətəndaşlar 511-11-51 saylı telefonla əlaqə saxlamaqla onları maraqlandıran suallara cavab tapa, eyni zamanda, hər hansı məlumatı bizlərlə bölüşə bilər".