Azərbaycan Respublikası Təhsil Nazirliyi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və onun katibliyi fuksiyasını həyata keçirən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşlığı əsasında və Azercell Telekom Şirkətinin mühüm texniki və maliyyə dəstəyi ilə, habelə UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya Baxış” beynalxalq təşkilatlarının dəstəyilə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” fəaliyyətə başlamışdır. 18 fevral 2010-cu ildə onun təntənəli rəsmi açılışı olmuşdur və geniş ictimaiyyətə bu barədə telekanallar, radio, internet və mətbuat vasitəsilə məlumat verilmişdir.
“Azərbaycan Uşaq Qaynar Xətt ” xidməti çətin vəziyyətdə olan hər bir uşağın müdafiəsinin təmin edilməsi məqsədi ilə dövlət, qeyri-dövlət, kommersiya və beynalxalq təşkilatların birgə səyləri nəticəsində yaradılmışdır ki, bu da Azərbaycanda ilk təcrübədir.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaranmasında əsas məqsəd problemlə üzləşmiş hər bir uşağa psixoloji yardım, emosional dəstək, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, onun müraciətlərini digər müvafiq xidmətlərə yönəldirilməsinı təmin etmək və təxirəsalınmaz köməyin göstərilməsidir.