Psixoloqların qənaətincə, belə insanların müəyyən qismi kiçik yaşlarında zorakılığa məruz qalanlar, bəziləri isə bədbəxt ailələrdə böyüyənlərdir


Nabil SEYİDOV, Nailə İSMAYILOVA

Hər birimiz uşaqları çox sevir və əzizləyirik. Amma hərdən uşaqlarla bağlı xoşagəlməz hadisələr eşidəndə və ya şahidi olanda özümüzdən "Uşaqla belə rəftar etmək olar?!" - deyə soruşuruq. Uşaq hüquqları üzrə QHT Alyansı və ona üzv təşkilatlar Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olur. Hər hansı səbəbdən uşağın hüquqları pozulursa, QHT Alyansı həmin problemlərin həllinə çalışır, uşağın təhlükəsiz yaşaması və inkişaf etməsi üçün əməli tədbirlər görür.


Araşdırmalar göstərir ki, hazırda Azərbaycanda uşaqların cinsi istimarı ilə bağlı mövcud durumu əks etdirə biləcək statistika yoxdur. Rəsmi statistikada göstərilir ki, uşaqlara qarşı zorakılıq faktları olduqca azdır. Belə ki, 2001-ci ildə 3, 2002-ci ildə 2, 2004-cü ildə 4 cinayət hadisəsi aşkarlanıb. Lakin mətbuat səhifələrində rast gəlinən materiallar bu məlumatın həqiqətə uyğun olmadığını bir daha təsdiqləyir. Belə ki, hər həftə qəzetlərdə uşaqlarla bağlı minimum 3 - 4 cinayət işi haqqında məlumat dərc edilir.


Alyansın 2005-ci ildə apardığı araşdırmalar göstərir ki, Azərbaycanda uşaqlar müxtəlif sahələrdə və mühitlərdə zorakılığa məruz qalırlar.


Təəssüflə qeyd edək ki, bir çox zorakılıq hadisələri aşkar edilməmiş qalır, bəziləri isə süni şəkildə ört-basdır edilirək geniş ictimayyətə çatdırılmır. Bu halda ortaya belə bir sual çıxır: uşaqların müdafiəsi üçün nə etməliyik? Bəzi insanlar düşünürlər ki, onlar uşaqlara qarşı həyata keçirilən cinsi zorakılıq haqqında istədiklərindən də artıq məlumata malikdirlər. Lakin uşağa qarşı cinsi zorakılıq məxfilik pərdəsi ilə örtülü olur və nadir hallarda zorakılığın qurbanları bu cür hallar barəsində kiməsə məlumat verirlər. Zorakılıq edən şəxs adətən ailə üzvü, ailənin yaxın dostu, qonşu və ya uşaqla iş aparan şəxs ola bilər.


Uşaqlara qarşı cinsi zorakılıq edən insanlar adətən uşaqlarla və onların valideynləri ilə sıx və inandırıcı əlaqə qurmağı yaxşı bacarırlar. Bu hallarda uşağa qarşı zorakılıq heç kimin xəbəri olmadan illər boyu davam da edə bilər. Çünki uşaqlar belə hallar barədə bizə - yaşlılara bir şey deməkdən çəkinir və bunun nəticəsində onları yetərincə müdafiə edə bilmirik. Bu səbəbdən də uşaqlara qarşı cinsi zorakılıq edən insanları üzə çıxarmaq çox çətin olur. Bu ondan irəli gəlir ki, biz nəyi axtardığımızı bilmir və ya bu haqda fikirlərimiz o dərəcədə narahatedici olur ki, bu fikirləri özümüzdən uzaqlaşdırmağa çalışırıq.


Uşaqlara qarşı cinsi zorakılığın düzgün miqyasını biz yalnız bu yaxınlarda qiymətləndirməyə başladıq. Problem ətrafında olan məxfilik ona gətirib çıxarıb ki, cinsi zorakılığa məruz qalmış on beş uşaqdan yalnız biri bu haqda kiməsə nəsə danışır. Onlar əsasən bu barədə dostlarına və ya ailə üzvlərinə deyirlər. Nadir hallarda isə uşaqlar polis, sosial xidmətlər və ya səhiyyə xidmətlərinin diqqətini cəlb edirlər.


Bəllidir ki, zorakılığa məruz qalan insan psixoloji depressiyaya düşür. Psixoloqların qənaətincə, bu vəziyyətdən qurtulmaq hamıya müvəffəq olmur. Ümumiyyətlə, uşaqlara qarşı cinsi zorakılıq nədir? Bu, əsasən cinsi məmnunluq üçün uşağın cinsi orqanlarına və ya özəl hissələrinə toxunmaq, uşağın digərlərinin cinsi orqanlarına toxunması ilə seksual hisslər oyatmaq, pornoqrafik filmlər göstərmək, seksual fotoşəkillər çəkmək, uşağı cinsi əlaqə hadisələrinə baxmağa və ya eşitməyə sövq etmək və s. ilə xarakterizə edilir.


Yuxarıda təsvir edilmiş hərəkətlərlə yanaşı, son zamanlar İnternet vasitəsilə uşaqları seksual zorakılığa cəlb etmək də geniş yayılmaqdadır. Araşdırmalar göstərir ki, uşağı uşaq pornoqrafiyasına baxmağa sövq etmək belə ona qarşı tətbiq edilən bu və ya digər zorakılıq faktına bərabərdir.


Uşaqların seksual fəaliyyətlər üçün tovlanmasında yeni bir fenomenin - "İnternet tərbiyəsi, yaxud tələsi"nin vüsət alması barədə həyəcan təbili çalmağın vaxtıdır. Bakıda aparılan araşdırmalar bu problemin qorxulu miqyasda artdığını göstərir. Aparılan araşdırmaya görə, İnternet xidmətlərindən istifadə edən məktəbli uşaqlar və gənclər 82 faiz təşkil edir. Onlardan 75 faizi şəbəkədən kənar görüş barədə təkliflər alıblar. Onların 25 faizi müraciəti göndərən, tanımadığı adamla görüşür. Bu uşaqların 38 faizi arzuolunmaz seksual söhbətlərə cəlb edilib, bu söhbətlərin 10 faizi pornoqrafik şəkillərin göndərilməsi, 76 faizi isə şəkillərin göndərilməsi tələbi, 79 faizi isə görüş təklifi ilə müşayiət olunur.


Ümumiyyətlə, İnternet xidməti provayderləri uşaq pornoqrafiyasına qarşı mübarizədə əhəmiyyətli rol oynaya bilərlər. İnternet xidməti provayderləri İnternetdə tovlayıcı və ya sui-istifadə üçün yararlı olan şəkillərin qarşısını almaq üçün mənəvi məsuliyyət daşıyırlar. Bir çox İnternet xidməti provayderləri uşaqların onların xidmətlərindən istifadə etmələri üçün müəyyən işlər görüblər. Yəni xidmət bələdçilərini nəşr etməklə, məlumatları filtrdən keçirməklə uşaq pornoqrafiyası və digər təhlükəli saytların istifadəsi qadağan edilib.


Bununla belə, İnternetin özünü tənzimləməsi uşaqlarla bağlı cinayətlərin qarşısını almaqda yetərli deyil. Vətəndaş cəmiyyəti, xüsusi bölmələr uşaq pornoqrafiyasının əleyhinə mübarizəyə cəlb edilməlidirlər. Uşaqları İnternetlə bağlı cinayətlərdən və onlardan sui-istifadədən mühafizə etmək üçün təşəbbüs göstərilməlidir. İnternetdən istifadə etdikləri vaxt uşaqların müdafiəsinə xüsusi diqqət yönəldilməlidir. Provayderlər sui-istifadə tərkibli veb-saytlar barədə xüsusi dövlət orqanlarına məlumat verməlidirlər.


Aparılan araşdırmalar zamanı bəlli olub ki, cinsi zorakılığa məruz qalmış hər 15 uşaqdan 12-si onlara qarşı təcavüz edən insanları tanıyır. Onlar adətən ailə üzvləri, dostlar, rəfiqələr, qonşular, evdə işləyən qulluqçular və ya uşağa baxan dayələrdir. Ən maraqlısı da odur ki, bu insanların əksəriyyəti məsuliyyətli işlərdə çalışırlar. Zorakı insanlara cəmiyyətin bütün kateqoriya və siniflərində, irqi, dini və etnik mənsubiyyətindən asılı olmayar rast gəlinir. Zorakılıq törədənlərin əksəriyyəti kişilər olsa da, onlar arasında qadınların da az olmadığı deyilir. Cinsi zorakılıq törədən insanın aşkar edilməsində qarşıya çıxan problem isə onların adi insanlardan heç nə ilə seçilməməsidir.


Uşaqların tez-tez öz valideynləri tərəfindən sui-istifadə edilməsi faktı da mövcuddur. Təəssüf ki, ölkəmizdə uşaqların valideynləri tərəfindən cinsi sui-istifadə hallarının artması müşahidə olunur. Hətta rayonlarda ictimai əlaqələrin möhkəm olduğu yerlərdə uşaqların cinsi sui-istifadəsi hallarının artması ilə bağlı məlumatlar var. Ötən ilin mayında Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə 16 yaşlı qızın öz atası tərəfindən zorlanması barədə işə baxılıb. Məlum olub ki, qız düz beş il həftədə 2-3 dəfə atası tərəfindən zorlanırmış. Acınacaqlıdır ki, bu kimi faktlarla bağlı informasiyalara mətbuat səhifələrində də tez-tez rast gəlinir. Mətbuat isə cəmiyyətin güzgüsüdür.


Ümumiyyətlə, bu insanların uşaqlara münasibətini anlamaq o qədər də asan deyil. Qeyd edək ki, uşaqlara qarşı cinsi zorakılıq edən insanların bəziləri bunun düzgün, bəziləri isə pis olduğunu söyləyirlər. Hətta bir çoxları pis hərəkətlərindən dərin narahatlıq duyduqlarını da dilə gətirirlər. Bir qisim isə hərəkətlərinin normal olduğuna inanır və qeyd edir ki, bu, uşaqlara bəslədikləri sevginin təzahürüdür. Psixoloqların qənaətincə, belə insanların müəyyən qismi kiçik yaşlarında zorakılığa məruz qalanlar, müəyyən hissəsi isə bədbəxt ailələrdə böyüyənlərdir.


Bir çox insanlar onlara yaxın olan şəxslərin uşağa qarşı zorakılıq etməsini müşahidə edib. Əgər hər hansı bir məsələni və ya problemi qəbul etmək çətindirsə, yalnız insan bu problemlərin mövcudluğunu inkar etmək üçün vasitələr arayır. Belə hallarda əksər valideynlər "Əgər zorakılıq hadisəsi baş versəydi, mənim uşağım bu haqda dərhal xəbər verərdi. Uşağım bu barədə heç bir şey deməyib, demək zorakılıq hadisəsi də baş verməyib", - deyə düşünür.


Belə olan hallarda biz nəyi bilməliyik? İlk növbədə uşaqları müdafiə etmək üçün yardımçı ola biləcək məlumat və faktlara ehtiyac duyulur. Unutmayın ki, bu və ya digər tanışınızın uşaqla mövcud olan əlaqəsində cinsi münasibətlərin mövcudluğuna asanlıqla rast gəlinə bilməz. Biz onların oynadıqları oyunlar barəsində narahatlıq hiss edə bilər, bəzən onlara təklikdə oynamaq üçün şərait yarada bilərik. Uşaqlara qarşı cinsi zorakılığın qarşısını almaq üçün biz aşağıdakılara riayət etməliyik.


- tanıdığımız insanın uşaqlara qarşı seksual marağının olduğuna işarə edən xəbərdar əlamətlər barədə məlumatlı olmalı və əgər narahatlıq varsa, dərhal yubanmadan kömək almaq üçün müraciət etməli;


- uşaqlarla danışmaq və onların söylədiklərinə diqqətlə qulaq asmalı;


- uşaqlara aydın göstərməliyik ki, "yox" demək elə də çətin deyil;


- ailə üzvləri arasında pərdəni qoruyun;


- uşaqlarımıza baxmaq üçün seçdiyimiz insanların seçim prosesinə diqqətlə və həssaslıqla yanaşmalı.


Hər hansı tanıdığımız şəxsin uşaqlara qarşı zorakılıq etdiyi və ya bu fikirdə olduğundan şübhələndikdə biz nə edə bilərik?


Yerli polis orqanlarına və ya sosial xidmətlərə müraciət edə bilərsiniz. Həmçinin bu sahədə fəaliyyət göstərən QHT-lərə müraciət edə bilərsiniz. Polis və sosial xidmətlər şübhəli bilinən hallarda lazımi tədbirlər görmək imkanına malikdir. Onlar sizdən bəzi detalları soruşaraq faydalı məlumat əldə etdikdə araşdırma aparacaqlar.


Uşaqlarımız bizim gələcəyimizdir və bizim hər birimiz onları müdafiə etməyə borcluyuq. Onların məsumluğuna xələl gətirə biləcək hər hansı problemin vaxtında qarşısını almağa yubanmayın.