Fevral ayının 25-26-da Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı (Azərbaycan) və BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə QHT Qrupu (İsveçrə) uşaqların cinsi və kommersiya məqsədilə istismarı, uşaqlardan cinsi-sui istifadə, uşaq pornoqrafiyası və uşaqlara qarşı cinsi zorakılıq məsələlərinə dair təlim kursu həyata keçirdilər. Təlim kursunun həyata kuçirilməsində məqsəd Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən və araşdırma aparan QHT-lərin, dövlət siyasətini həyata keçirən müvafiq dövlət orqanlarının, və KİV nümayəndələrinin bu sahəyə dair mövcud beynəlxalq və milli qanunvericiliklə tanış edilməsi, dünya ölkələrində bu sahədə görülən işlər barədə məlumatlandırmaq, Azərbaycanın da qoşulduğu Yokohama (2002) və Lyublyana (2005) Öhdəlikləri haqqında maarifləndirmək, ölkəmizdə bu yöndə görülən qanunvericilik və praktik fəaliyyətin nəticələritnin nəzərdən keçirilməsi və gələcək işlərin və fəaliyyət planının formalaşdırılması idi. Təlim kursu vasitəsilə bu sahədə çalışan mütəxəssislərə və təşkilatlara uşaqlara qarşı zorakılığın, xüsusilədə cinsi zorakılıq və istismarın aradan qaldırılması məqsədilə əməli tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün zəruri bilik və bacarıqların aşılanmasını nəzərdə tuturdu. Təlim kursu İsveçrədən dəvət edilmiş beynəlxalq mütəxəssis tərəfindən aparılmışdır.
Təlim prosesində müəyyənləşdirildi ki, uşaqların kommersiya məqsədilə cinsi istismarı, uşaqlara qarşı cinsi zorakılıq, uşaqlardan cinsi sui-istifadə və uşaqlardan pornoqrafik fimlərin çəkilişi üçün istifadə halları demək olar ki, hər yerdə, o cümlədən ailədə, məktəbdə, qapalı müəssisələrdə, KİV-də, internet klublarda, turist obyektlərində və s. məkanlarda mümkündür. Təlimin nəticəsi olaraq iştirakçılar uşaqlara qarşı cinsi zorakılıq və cinsi sui-istifadə hallarının qarşısının alınması və insanların bu sahədə daha məlumatlı olmalarının təmin edilməsi məqsədilə bu sahədə nümunəvi Milli Fəaliyyət Planı hazırladılar. Həmin Fəaliyyət Planının və təkliflərin əlaqədar təşkilatlara – Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Ombudsman Aparatına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Televiziya və Radio Yayım Şurasına, Mətbuat Şurasına, ölkədə fəaliyyət göstərən internet provayderlərinə və digər aidiyyatlı qurumlara göndərilməsi nəzərdə tutulur.
Qeyd etmək yerinə düşər ki, 2004-cü ildə Azərbaycan hökuməti ölkədə uşaqların vəziyəti və Uşaq Hüquqları Konvensiyasının icrası ilə bağlı BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim etmiş və 2005-ci ildə də Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı həmin hesabata Alternativ hesabat hazırlayaraq adı çəkilən quruma təqdim etmişdi. Bununla yanaşı, hökumətin Uşaq Hüquqları Konvensiyasına Uşaq alveri, Uşaq fahişəliyi və Uşaq pornoqrafiyasına dair Əlavə Protokolla bağlı daha bir hesabat hazırlayaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etməsinin vaxtı çoxdan – hələ 2004-cü ilin Avqust ayında çatsa da, hələlik bu istiqamətdə hər hansı bir işin görüldüyü barədə məlumat yoxdur. Bunu nəzərə alaraq, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı yaxın zamanlarda bu məsələlərlə bağlı hesabatın hazırlayaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etməyi planlaşdırır.