"Məktəb Uşağın Dostudur". UNICEF Azərbaycanda Yeni Layihəyə Başladi.
SAMİRƏ
Dünən "Avropa" otelində YUNİSEF, Təhsil Nazirliyi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə "Məktəb uşağın dostudur" adlı konsepsiya çərçivəsində həyata keçirilən layihənin təqdimatı oldu. Seminarda Azərbaycanın 5 rayonu və Bakı şəhərindən olan məktəb direktorları, müəllimlər, eləcə də təhsil şöbələrinin müdirləri iştirak edirdilər. Toplantıda çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə bu layihəyə çox böyük ehtiyac olduğunu vurğulayıb. "Azərbaycanda 500-dən çox məktəb yararsız vəziyyətdədir. İlbəil belə təhsil ocaqlarının sayı azalır. Ötən il 328 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu il isə məktəblərin 60 min ədəd müvafiq avadanlıqla təmin olunması nəzərdə tutulub". Təhsil naziri çıxışında müasir avadanlıqlara ehtiyacı olan təhsil müəsissələrinin hələ çox olduğundan söz açdı. Misir Mərdanov qeyd etdi ki, məktəblərin avadanlıq və istilik sistemilə təminatı ölkə başçısının diqqət mərkəzindədir. Nazirin sözlərinə görə, bundan sonra tikiləcək hər bir təhsil ocağının qazanxanası olacaq. Təhsil naziri onların maddi dəstəkdən daha çox mənəvi dəstəyə ehtiyacları olduqlarını vurğuladı. "Güman edirəm ki, 2008-ci ilə qədər məktəb və müəllimlərin problemlərinin əksəriyyəti həllini tapacaq. Müəllimlərin məvacibləri artırılacaq, məktəblərin maddi-texniki bazası möhkəmləndiriləcək. Eyni zamanda məktəblər vauçer sisteminə keçiriləcək. Bununla da təhsilin keyfiyyəti xeyli artacaq." YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hanaa Sinqerin fikrincə, məktəbin uşaqlar üçün yararlı mühitə çevrilməsi yolları araşdırılmalı və bu istiqamətdə müvafiq tədbirlər görülməlidir. "Azərbaycana xas olan sərvət burda yaşayan insanlardır. Müəllimlər ən vacib təbəqələrdən biridir. Biz uşaqlarda olan qabiliyyəti düzgün istiqamətdə inkişaf etdirməliyik. Məktəblərə evlərdən, icmalardan da dəstək göstərilməlidir."