Uşaqlar KİV tərəfindən psixoloji zorakılığa məruz qalıb. Müəllimlər bu fikirdədir.

Dünən “Avropa” otelində UNICEF, Təhsil Nazirliyi, Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansı və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi təşkilatçılığı ilə “Məktəb Uşağın Dostudur” adlı konsepsiya çərçivəsində seminar keçirilib.


Seminarda özündə 5 əsas elementi-effektivliyi, müdafiəni, inklüziv/hərtərəfli təhsili, sağlamlığı və valideyn və icmanın təhsil prosesinə cəlb edilməsini birləşdirən “Məktəb Uşağın Dostudur” konsepsiyasında qeyd edilmiş hər bir istiqamət üzrə işçi qruplar yaradılaraq həmin məsələlər işçi qruplarında görüləcək işlərin planı və həmin məktəblərə, icmalara tövsiyələr hazırlanıb. Elə seminarda da işçi qrupları hazırladıqları tövsiyələr və görüləcək işlər planı barədə məlumat veriblər. Seminarda bildirilib ki, hazırda ölkədə effektiv təhsilə böyük ehtiyac var. Bu təhsil növünə nail olmaq üçün isə məktəblilərin sosial-psixoloji durumu, kadr hazırlığı, maddi texniki bazanın vəziyyəti, yeni təlim texnologiyasının yaxşılaşdırılmasına ehtiyac var. Həmçinin təhsildə tədris proqramının yüngülləşdirilməsi labüd görünür ki, işçi qruplarının fikrincə, bu da şagirdlərin yüklənməsinin qarşısını alacaq. Həmçinin son zamanlar uşaqların kütləvi informasiya vasitələri tərəfindən psixoloji zorakılığa məruz qaldığı vurğulanıb və uşaqlar üçün ayrıca televiziyanın yaradılmasının məqsədə müvafiq olduğu söylənilib. Təhsil naziri Misir Mərdanov isə ölkə başçısının son zamanlar təhsilə xüsusi diqqətindən danışıb və bildirib ki, 30 ildən bəridir ki, ölkədə müəllim nüfuzu aşağı düşüb. Bu nüfuzun qaldırılmasında müəllimlərin böyük rolu olduğunu qeyd edən nazir müəllimlərin qayğıya ehtiyacı olduğunu deyib.