Tədbir Hyatt Recensi otelində, Kaspian B zalında saat 10:00-dan 17:00-dək keçiriləcək.
İyun ayının 16-da Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının, Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının və ATƏT-in birgə reallaşdırdıqları layihə çərçivəsində ölkə üzrə Uşaqlar üçün Qaynar Xəttin Yaradılması və Fəaliyyəti Perspektivlərinə dair Milli Konfrans keçiriləcəkdir.
Qeyd edək ki, Azərbaycanda uşaqlar üçün ilk qaynar xətt 1997-ci ildən fəaliyyət göstərməyə başlayıb. UNİCEF tərəfindən yaradılmış bu ilk qaynar xətt davamçısı kimi psixoloji dəstəyin göstərilməsi məqsədilə Sumqayıt şəhərində, trafikinqlə mübarizə məqsədilə Bakıda və 2006-cı ildə Gənclər və İdman Nazirliyinin dəstəyilə psixoloji və s. məsləhətlərin verilməsi məqsədilə yaradılmışdır. Bütün bu qaynar xətlərin əsas məqsədi uşaqlara psixoloji yardımın göstərilməsi olmuşdur. Lakin bütün bu xətlərin bir neçə mühüm çatışmayan xüsusiyyətləri var:
- bu xətlər yalnız bir şəhər və hətta şəhərin hansısa hissəsini əhatə edir;
- bu xətlərin müxtəlif nömrələri var və onların hamısını uşaqlar üçün yadda saxlamaq mümkün deyil;
- ölkənin digər şəhər və rayonlarından bu nömrələrə zəng etmək mümkün deyil;
Bu boşluğu aradan qaldırmaq məqsədilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil və Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinə və ATƏT-ə müraciət edərək ölkə üzrə uşaqlar üçün vahid qaynar xətt yaratmaq niyyətini açıqladı. Dünyanın əksər ölkələrində vahid 3 rəqəmli, asan yadda qalan telefon nömrəsinə malik olan qaynar xətlər fəaliyyət göstərir. Bu xətlər vahid operator xidmətilə idarə edilir. Telefon zəngi qəbul olunduqda zənglər sahələr üzrə müvafiq mütəxəssislərə yönəldilir. Eyni zamanda, əgər ölkə ərazisində artıq tematik telefon xətləri varsa, məsələn, trafikinqlə bağlı, hüquqi yardımla, ailə problemləri və s., məsələlərlə bağlı, onda operator xidməti bu məsələlərə aid olan zəngləri birbaşa həmin qaynar xətlərlə birləşdirir. Zəng edən sadəcə, qeyd olunan 3 rəqəmli vahid nömrəyə zəng edir, digər məsələləri isə operator xidməti özü edir.
Beynəlxalq Uşaq Qaynar Xəttləri təşkilatı (baş ofisi Hollandiyada yerləşir) artıq dünyanın 82 ölkəsində bu cür vahid qaynar xətlər xidməti yaratmışdır və hal-hazırda Azərbaycanda bu xidmətin yaradılmasında yardım etməyə hazırdır. Bunu nəzərə alaraq, QHT Alyansı və Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatı, ATƏT və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnsan Hüququları üzrə Ombudsman ilə əməkdaşlıqda ilk dəfə olaraq Azərbaycanda Vahid Uşaq Qaynar Xətti Xidmətinin yaradılması perspektivlərinə dair konfrans təşkil edir. Tədbirdə Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatının Direktoru və Asiya və Avropa ölkələri üzrə proqram direktoru da iştirak edəcəklər. Həmçinin tədbirdə Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil, Azərbaycanda fəaliyyət göstərən qaynar xətlərinin əməkdaşları, QHT Alyansının müvafiq üzv təşkilatlarının, UNİCEF, ATƏT, Dünyaya Baxış, Uşaqları Xilas, OXFAM, GTZ və ABŞ, Norveç və Böyük Britaniya səfirliklərinin nümayəndələrinin iştirakı da planlaşdırılır. Media qurumlarının nümayəndələri də tədbirə dəvətlidirlər.