2008-ci ilin Avqust ayında UNİCEF və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi birgə “Qız uşaqlarının idmanla məşğul olmağa həvəsləndirməsi məqsədilə Şən İdman Avtobusu” adlı layihənin icrasına başlayır. Pilot olaraq Avqust-Sentyabr aylarında icra ediləcək bu layihə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Böyük Britaniyanın İdman Şurası ilə əməkdaşlıqda Lənkəran, Quba və Füzuli rayonlarında hər birində 5 məktəb və həmin məktəblərin yerləşdiyi ərazidə yaşayan əhalinin cəlb edilməsi vasitəsilə həyata keçirəcəkdir.
Tədbirlər planı çərçivəsində ilkin olaraq uşaqların, o cümlədən, qız uşaqlarının idmanla məşğul olma səviyyəsinin və yerli əhalinin münasibətinin öyrənilməsi məqsədilə 300-ə yaxın uşaq, valideyn, müəllim və icma nümayəndəsi arasında araşdırma aparılacaqdır. Xüsusi hazırlanmış sorğular vasitəsilə həmçinin uşaqların idmanla səmərəli məşğul olması üçün əlverişli şəraitin mövcudluğu, texniki və insan resurslarının, o cümlədən idman müəllimlərinin təcrübəsi və peşakarlığı məsələləri də araşdırılacaqdır. Araşdırma nəticəsində hazırlanacaq hesabat təlikf və tövsiyyələrlər birgə aidiyyatı dövlət qurumlarına və beynəlxalq və yerli təşkilatlara təqdim ediləcəkdir.
Həmçinin hesabatdan irəli gələn məsələlərin həllinə təkan vermək məqsədilə, habelə idmanın təbliğinə yönələn xüsusi hazırlanmış çap materialları vasitəsilə hər bir rayonda əhali arasında maarifləndirmə tədbirləri də təşkil ediləcəkdir. Paralel olaraq, hər bir rayonda uşaqların və valideynlərin iştirakı ilə müxtəlif idman və inkişafa yönələn oyunlar və fəaliyyətlər həyata keçiriləckdir.
Bu pilot layihənin yekunu olaraq həmin rayonlarda məktəblər və icmalar səviyyəsində uşaqlar arasında müxtəlif idman növləri üzrə idman yarışları və festivalların keçirilməsi nəzərdə tutulub.