Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi artıq altı ildir ki, aktiv fəaliyyət göstərir və bu dövr ərzində 45-dən artıq layihə həyata keçirmişdir. Layihələrin əksəriyyəti əhalinin zəif təbəqələrinə yardım, incəsənət, mədəniyyət, idman, ekologiya, təhsil, iqtisadiyyat, səhiyyə, demokratiyanın inkişafına və bu sahələrdə olan problemlərin həllinə yönəldilmişdir.


Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, «Yuva» Humanitar Mərkəzi ilə birgə və Danimarka Qaçqınlar Şurasının maliyyə və Təhsil Nazirliyinin texniki dəstəyi ilə «Sülh Naminə Tədris: münaqişələrə son qoyaq, zorakılıqdan əl çəkək və ədaləti bərqərar edək» adlı yeni layihəni həyata keçirir. Bu layihə Azərbaycan Respublikasının Bakı, Sumqayıt, Biləsuvar, Saatlı, İmişli, Bərdə, Mingəçevir şəhər və rayonlarında məskunlaşmış qaçqın və məcburi köçkün uşaqlar üçün məktəblərdə ilk dəfə olaraq orta ümumtəhsil məktəblərin müəllimlərini sülh tədrisinin təşkilində fəallaşdırmaq məqsədi ilə hazırlanmış layihəni həyata keçirir. Bu pilot layihə çərçivəsində «Ümidli Gələcək» təşkilatı «Yuva» Humanitar Mərkəzi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə qeyd olunmuş rayonlarda seçilmiş pilot məktəblərinin müəllimləri üçün xüsusi təlimlər, seminarlar təşkil edilərək, sülh tədrisinə dair müəllimlər və məktəblilər üçün xüsusi kitab , bukletlər və tədris planı hazırlayacaq və həmin məktəblərdə hazırlanmış kitab və proqram üzrə pilot dərslərin təşkilinə yardım göstərəcəkdir.


Bu layihənin birinci mərhələsi kimi «Ümidli Gələcək» Gənclər Təşkilatı 21-27 İyün tarixlərində Bilgə İstirahət mərkəzində Azərbaycan müəllimləri ilə yanaşı Gürcüstandan dəvət olunmuş 15 nəfər müəllim üçün təlim kursu təşkil olunmuşdur.


Biz ümid edirik ki, bu təlim kursu ərzində müəllimlər qlobal məsələlərə daha çox diqqət göstərəcəklər və sülh tədrisi proqramını təşkil edib sonradan bu proqramı ölkəmizin digər məktəb və təhsil müəssisələrində yayacaqdır.