BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda uşaqların vəziyyətinin yaxşılaşdırılması və uşaq problemlərinin həllinə dair yeni tövsiyyələri    Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş və icrasına dair öhdəliklər götürmüşdür. Konvensiyaya uyğun olaraq Azərbaycan höküməti ölkədə Konvensiyasının icrası vəziyyəti və uşaq hüquqlarının müdafəsi sahəsində görülən işlərlə bağlı hər 5 ildən bir BMT-nin Komitəsinə hesabat təqdim edir. Eyni zamanda QHT-lər də Konvensiyaya uyğun olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə alternativ QHT hesabatını təqdim edir. Prosedurlara uyğun olaraq BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda Uşaq Hüquqları Konvensiyasının icrası vəziyyəti və uşaq hüquqlarının qorunması məsələləri ilə bağlı Uşaq Hüquqları üzrə QHT Alyansının alternativ hesabatını 2011-ci ilin iyun ayında Cenevrə şəhərində müzakirə etmişdir. 16-19 yanvar 2012-ci ildə isə BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökümətinin hesabatını müzakirə etmişdir. BMT-nin Komitəsi ilə müzakirələr ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 24 noyabr 2011-ci il tarixində imzalanmış sərəncamla təsdiq olunmuş nümayəndə heyəti tərəfindən aparılmışdır. Azərbaycan hökümətinin hesabatının təqdim olunmasında Ailə, Qadən və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova, Daxili İşlər nazirinin müavini cənab Oruc Zalov, Təhsil Nazirinin müavini Qulu Novruzov, Səhiyyə Nazirinin müavini cənab Elsevər Ağayev, İqtisadi İnkişaf nazirinin müavini xanım Sevinc Həsənova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini cənab Natiq Məmmədov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi cənab Faiq Qurbanov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri cənab Xaqani Rzayev və Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini cənab Ramin Həsənov iştirak etmişdir. Ötən il QHT Alyansı və bu ilin yanvarında isə hökümətin təqdim etdiyi hesabatının Cenevrədə müzakirəsindən sonra BMT-nin Uşaq Hüquqları Komitəsi fevral ayında Azərbaycana uşaq hüquqlarının müxtəlif sahələri üzrə təklif və tövsiyələrini göndərmiş və dövlətin Konvensiyada nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə yönəlmiş fəaliyyətini daha da gücləndirməyi çağırmışdır. Azərbaycan Hökumətinə verilmiş tövsiyələri müzakirə etmək məqəsdilə QHT Alyansı UNİCEF və Dünyaya baxış təşkilatı ilə birgə 24 fevral 2011-ci il tarixində saat 11:00-da Park İnn otelinin “Nəsimi” zalında dəyirmi masa keçirməyi planlaşdırır.