Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə ABŞ Səfirliyinin Kiçik Qrantlar Proqramı çərçivəsində "Liderliyin tədrisi və inkişafı vasitəsilə icma daxili əməkdaşlığın qurulması" adlı layihə həyata keçirir. Layihə Azərbaycanın Göyçay, Ucar və Zərdab rayonlarında bələdiyyə, icra hakimiyyəti, icma üzvləri, gənclər təşkilatları, iş adamları və QHT nümayəndələrinin birgə təlimlər vasitəsilə bir araya gətirilməsi və onlar arasında əməkdaşlığın daha yüksək səviyyədə təmin olunmasına yardım etməyə yönəlib. Layihə çərçivəsində liderliyi inkişaf etdirmək və əməkdaşlığı gücləndirmək üçün müvafiq ədəbiyyatın nəşr etdirilməsi, plakat və bukletlərin hazırlanması, həmçinin adı çəkilən regionda təlimlərin keçirilməsi nəzərdə tutulur.
Artıq layihənin böyük bir hissəsi həyata keçirilib. Belə ki, müvafiq ədəbiyyat plakatlar hazırlanıb, yerlərdə iki modul üzrə təlimlər başa çatdırılıb. Üçüncü modul üzrə təlimlər isə hazırda keçirilir. Bu təlimlər əsasən layihələrin hazırlanması və donorların tapılması mövzularını əhatə edir. Layihə çərçivəsində həmçinin iştirakçıların aldıqları bilik və bacarıqları təkmilləşdirmələri üçün təcrübi məşğələlər də keçirilir. Üçüncü modul təlimlərin effektini artırmaq, təlim iştirakçılarının praktiki təcrübəsini və əməkdaşlığını artırmaq və təlim iştirakçılarını həvəsləndirmək məqsədilə onların hazırladıqları kiçik qrant layihələrinin maliyyələşdirilməsi də nəzərdə tutulur. Bundan sonra həmin təşktlatların daha böyük layihələrlə çıxış etmələri üçün imkanlar araşdırılacaqdır. Layihənin region üçün əsas əhəmiyyəti adı çəkilən bölgədə liderlərin üzə çıxarılması və vətəndəş cəmiyyətinin inkişaf etdirilməsindən ibarətdir.